Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun iştirakçılarına xəbərdarlıq edib

Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun iştirakçılarına xəbərdarlıq edib Bakı. 13 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti toxumçuluq, tingçilik və aqrar sektorda istehsalla məşğul olan hüquqi və fiziki şəxslərə müracitə edib.
ASK
13 Noyabr , 2017 12:32
Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun iştirakçılarına xəbərdarlıq edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti toxumçuluq, tingçilik və aqrar sektorda istehsalla məşğul olan hüquqi və fiziki şəxslərə müracitə edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, “Seleksiya nailiyyətləri haqqında” qanuna əsasən ölkədə yalnız patentləşdirilmiş və dövlət reyestrinə daxil edilmiş seleksiya nailiyyətləri (bitki sortları) istehsalatda istifadə edilə bilər.

“Sortun dövlət reyestrində olması, həmin sortun toxumunun və yaxud əkin materialının ölkə ərazisinə gətirilməsinə, uyğun regionlarda reallaşmasına (satılmasına), karantin tələblərinə riayət edilməklə daşınmasına, artırılmasına hüquq verir. Ölkəyə gətirilən bitki materialları (toxum, ting, digər əkin materialı) müvafiq qaydada standartlara uyğun sertifikatlar ilə təchiz olunmalıdır.

“Toxumçuluq haqqında” qanuna əsasən dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq (mənşə) sertifikatı və fitosanitar sertifikatı olan toxumlar ölkəyə idxal oluna bilər. Dövlət reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal oluna bilər.

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanuna əsasən, ölkə ərazisinə genetik modifikasiya olunmuş bitkilərin (GMOB) genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır.

Göstərilənlərə əməl etməyən hüquqi və fiziki şəxslər barədə Cinayət Məcəlləsinin 166-cı (İxtiraçılıq və patent hüquqlarını pozma) və 200-cü maddələrinin (İstehlakçıları aldatma və yaxud pis keyfiyyətli məhsul istehsal etmə və satma) tələblərinə əsasən müvafiq tədbirlər görüləcək”, - deyə müraciətdə qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi