Kənd təsərrüfatı nazirinin müavini: "Yeni subsidiya qaydaları inqilabi hadisədir" - ƏLAVƏ OLUNUB

Kənd təsərrüfatı nazirinin müavini: "Yeni subsidiya qaydaları inqilabi hadisədir" - ƏLAVƏ OLUNUB İlk xəbər saat 15:53-də verilib
ASK
2 Sentyabr , 2019 16:46
Kənd təsərrüfatı nazirinin müavini: Yeni subsidiya qaydaları inqilabi hadisədir - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 15:53-də verilib

“Azərbaycanda gələn ildən fermerlərə subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün çox ciddi mexanizm və inqilabi hadisədir”.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

Onun sözlərinə görə, hər bir fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkəcəyi məhsul barədə məlumat verməlidir: “Bütün göstəricilər sistemdə öz əksini tapdıqdan sonra fermerə subsidiyanı almaq üçün plastik kart veriləcək. Karta köçürülən məbləğin yalnız 25%-ni nağdlaşdırmaq mümkün olacaq”.

İ.Quliyev onu da qeyd edib ki, subsidiyaların verilməsində əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyidir. Hazırda fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlanır. Aqrar Subsidiya Şurası isə hər il əmsalları müəyyənləşdirəcək.

Xatırladaq ki, Şuranın avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qərar qəbul edilib. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək.

***

Bundan başqa, İ.Quliyevin sözlərinə görə, fermerlərə plastik kartlar "Kapital Bank" ASC vasitəsilə veriləcək. Prosesə bu ilin sonuna qədər başlanılacaq. 

"Artıq 320 min fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Gələn il subsidiyaların məbləği builki qədər - 292 milyon manat olacaq, yəni artım olmayacaq. Fermer kartlarına subsidiyaların köçürülməsinə gələn il yanvarın 15-də başlanılacaq", - deyə o, əlavə edib. 

Son xəbərlər

Orphus sistemi