Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu gün Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Sabirabad, Saatlı rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qəbulda vətəndaşların müraciəti əsasən fermerlərə subsidiyanın verilməsi, güzəştli kreditin ayrılması, işlə təminat, suvarmada yaranan çətinlik, içməli su ilə təminat, taxıl və balıq məhsullarının satışına köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub.
İ.Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.