Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Yevlax və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti əsasən fermerlərə subsidiyanın verilməsi, işlə təminat, suvarmada yaranan çətinlik, taxılın qiyməti, təsərrüfatın işğaldan azad edilmiş ərazilərə köçürülməsi və digər məsələlərlə bağlı olub.
Nazir müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.