Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul edib Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
ASK
17 Noyabr , 2017 17:04
Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul edib
Agro.gov.az

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan əvvəl nazir dövlət regional toxumçuluq və aqrokimya laboratoriyalarına baxış keçirib, baytarlıq idarəsində vaksinlər, avadanlıq və ləvazimatlarla tanış olub.

Elektron hökumətin bir hissəsi olan infoköşkün təqdimatı zamanı bildirilib ki, vətəndaşlar bu sistem vasitəsilə fermerlərə məsləhət, gündəlik bazar qiymətləri, yanacaq və motor yağlarına, həmçinin pambıq və baramaya görə subsidiyalar, torpaqların istifadəsi və sair barədə məlumatlar alacaqlar.

Sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) regional aqrokimya laboratoriyasının torpaq nümunələrinə dair təqdimatı olub. Xidmətin rəisi Camal Quliyev əkin sahələrindən götürülmüş torpaq nümunələrinin fiziki və kimyəvi parametrlər üzrə analizi, nəticələrin təhlili, fermerlərə tövsiyələrin verilməsi və torpaq kartoqrammalarının hazırlanması sahəsində əldə edilmiş nəticələr barədə məlumat verib. O, qeyd edib ki, bu nəticələrin əkinçilikdə tətbiqi gübrələrdən balanslaşmış istifadə edilməsinə şərait yaratmaqla yanaşı, məhsulun kəmiyyət göstəricilərinin artmasına və keyfiyyətinin yaxşılaşmasına şərait yaradacaq.

Daha sonra H.Əsədov rəhbərlik etdiyi qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən 30-dan çox vətəndaşı qəbul edib. Qəbula gələnlər əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, yeni texnika və avadanlıqların alınması, toxumçuluq, subsidiya, ixtisasa uyğun işə qəbul, torpaqlardan istifadə və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir onların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

H.Əsədov, həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Görüşdə Bərdə, Ağcabədi, Ağdam, Tərtər və digər ətraf rayonlardan olan 119 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 3 729 744,40 manat məbləğində 212 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan 1 454 421,85 manat güzəştlə əlaqədar müvafiq sənədlər təqdim edilib. Güzəşt tətbiq edildikdən sonra 39 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” əməkdaşları lizinq yolu ilə əldə edilmiş kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20%-ni ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

Xatırladaq ki, indiyə qədər “Aqrolizinq”dən respublika üzrə 8 207 istifadəçinin lizinqə götürdüyü 21 min 156 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 183 147 259,82 manat məbləğində güzəşt tətbiq olunub.

Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Laçın rayonlarından olan 150-dən artıq mexanizatorun vaxtı keçmiş sürücülük vəsiqələri dəyişdirilib, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışı həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi