Yuxarı
    Bağlamaq

    Kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri keçirilib

    Müşavirələr Lənkəran, Salyan, Şamaxı, Qəbələ, Şəmkir və Göygöldə baş tutub

    Bakı. 17 may. REPORT.AZ/ Kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair Lənkəran, Salyan, Şamaxı, Qəbələ, Şəmkir və Göygöldə zona müşavirələri keçirilib.

    "Report" xəbər verir ki, Dövlət Statistika Komitəsi (DSK) və Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müşavirələrin başlıca məqsədi DSK tərəfindən hazırlanmış yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslərin təlimatlandırılmasıdır.

    Mayın 16-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilib. Müşavirədə Lənkəran şəhəri, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının yerli icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak edib.

    Zona müşavirəsində çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, prezident İlham Əliyevin ölkənin bütün iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan və kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir.

    Belə ki, 1934-cü ildən ciddi dəyişiklik edilmədən tətbiq olunan “Təsərrüfatbaşına kitab” və digər uçot formaları hazırlanarkən göstəricilər sistemləşdirilib, bir çox uyğunsuzluqlar aradan qaldırılıb, eyni zamanda əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan məhsullara dair yeni məlumatların əldə olunması zərurəti nəzərə alınıb. Belə ki, cari uçot sənədinə təsərrüfatın mülkiyyətində və istifadəsində olan kənd təsərrüfatı texnikası ilə bağlı yeni bölmənin, mal-qara və quşların bölgüsünə dair yeni göstəricilərin əlavə edilməsi əvvəllər seçmə statistika müşahidələri əsasında toplanan, region və ölkə səviyyəsində müxtəlif metodlarla qiymətləndirilən məlumatların indi bütün təsərrüfatlar üzrə ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Ən əsası isə torpaqların suvarılmasında istifadə olunan mənbələr, əkin üçün nəzərdə tutulmuş torpaqların bitkiçilik məhsulları üzrə bölgüsü haqqında ilkin uçotun aparılması vəzifəsi qarşıya qoyulub ki, bu da torpaqlardan istifadə və məhsul yığımı ilə bağlı daha dəqiq məlumatların əldə edilərək rəhbər orqanlara və digər istifadəçilərə təqdim edilməsi məqsədini daşıyır.

    Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırıb.

    Lənkəran Şəhər İcra Hakimiyyətinin başcısı Taleh Qaraşov isə rayonun sosial, iqtisadi göstəriciləri, görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

    Sonra zona müşavirəsi Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Sabirabad, Biləsuvar, Cəbrayıl, Neftçala və Hacıqabul rayonlarının yerli icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslərin iştirakı ilə davam etdirilib.

    Zona müşavirəsində DSK sədri Tahir Budaqov, Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev, Salyan Rayon İcra Hakimiyyətinin başcısı Sevindik Hətəmov çıxış ediblər.

    Təsərrüfatbaşına uçot sənədlərinin məqsədi və əhəmiyyəti haqqında ümumi məlumat verilərək qeyd olunub ki, yeni uçot sənədlərinin vaxtında və yüksək keyfiyyətlə tətbiq edilməsi kənd təsərrüfatının və ölkə iqtisadiyyatının inkişafına dair qərarların qəbulu üçün dəqiq məlumatların hazırlanmasına imkan verəcək, hər bir təsərrüfat üzrə məlumatların toplanması dövlət dəstəyinin daha ünvanlı şəkildə göstərilməsinə yardım edəcək, məlumatların birbaşa mənbədən əldə edilməsi ölkə əhalisinin ərzaq məhsulları ilə təminat səviyyəsinin daha ətraflı öyrənilməsinə xidmət edəcək, rəqabət qabiliyyətli məhsulların müəyyən olunmasına, ölkənin ixracat potensialının qiymətləndirilməsinə nail olunacaq. Həmçinin, kənd təsərrüfatı məhsullarının maya dəyərinə suvarılma və texnika ilə bağlı xərclərin təsirini qiymətləndirmək də mümkün olacaq,torpaqdan istifadənin səmərəliliyi ilə bağlı yeni məlumatlar əldə ediləcək, strateji bitkiçilik məhsullarının istehsalı və torpaqlardan istifadə ilə bağlı vəziyyəti hər ilin əvvəlində qiymətləndirmək və ölkə rəhbərliyini öncədən məlumatlandırmaq mümkün olacaq. Kənd əhalisinin demoqrafik vəziyyəti, miqrasiyası öyrəniləcək,kənd əhalisinin mənzil-məişət şəraiti qiymətləndiriləcək. Eyni zamanda, uçot sənədlərinin tətbiqi ilə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin üzərinə düşən statistik yük azaldılacaq.

    Eyni zamanda zona müşavirəsi Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində Şamaxı, Qobustan və Ağsu rayonlarının sözügedən nümayəndələri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslərin iştirakı ilə keçirilib.

    Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov, Şamaxı Rayon İcra Hakimiyyətinin başcısı Asif Ağayev çıxış ediblər.

    Qəbələ Mədəniyyət Mərkəzində baş tutan zona müşavirəsində isə Qəbələ, İsmayıllı və Oğuz rayonlarının yerli icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslərin iştirak edib.

    Muşavirədə Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başcısı Səbuhi Abdullayev çıxış ediblər.

    Zona müşavirəsi Şəmkir Mədəniyyət Mərkəzində Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarının aidiyyəti nümayəndələri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslərin iştirakı ilə keçirilib.

    Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başcısı Alimpaşa Məmmədov çıxış ediblər.

    Göygöl Mədəniyyət Mərkəzində baş tutan zona müşavirəsində isə Göygöl, Daşkəsən, Samux və Kəlbəcər rayonlarının yerli icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslərin iştirak edib.

    Muşavirədə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Göygöl Rayon İcra Hakimiyyətinin başcısı Arif Seyidov çıxış ediblər.

    Bildirilib ki, Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə bir sıra mühüm tədbirlər də həyata keçiriləcək. Bu tədbirlərəuçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir. Uçot sənədlərinin məlumatları statistika orqanlarında və digər aidiyyəti dövlət qurumlarında mövcud olan məlumat bazalarına inteqrasiya olunacaq, statistika orqanlarına təqdim edilmiş müxtəlif statistika hesabatlarının məlumatlarının dürüstlüyünün yoxlanılmasında istifadə olunacaq. Bu məlumatlardan kənd təsərrüfatı və əhali siyahıyaalınmalarında, eləcə də seçici siyahılarının dəqiqləşdirilməsində istifadə ediləcək, torpaqlardan səmərəli istifadə, məhsuldarlığın qiymətləndirilməsi və digər məlumatlar torpaq sahələrinə dair peyk məlumatları ilə uzlaşdırılacaq.

    Müşavirlərdə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydaları slaydlar vasitəsi ilə tədbir iştirakçılarına təqdim olunub.Tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallar da cavablandırılıb. Onu da qeyd edək ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri Şəki, Bərdə, Yevlax, İmişli rayon və şəhərlərində may 19-dək keçirilməklə bütün regionları əhatə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi