"Bu gün Bakıda işə başlamış 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan”a böyük maraq var. Onlar indiyə qədər təşkil edilmiş ən böyük sərgilərdir".
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov sərgilərin açılışında bildirib.
"Sərgilərdə 25-ə yaxın ölkədən təxminən 450 şirkət iştirak edib. Bunun da 350-si xarici şirkətdir. Onların bu sərgilərə maraq göstərməsi Azərbaycanda aqrar sahənin inkişaf etməsidir, bu sahəyə dövlət dəstəyinin olmasıdır. Əsas məqsədimiz fermerləri sərgidə təqdim edilən yeniliklərlə tanış etməkdir. Burada İsrailin və Türkiyənin kənd təsərrüfatı nazirləri, digər qonaqlar var. Sərgilər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək", - nazir qeyd edib.