Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu ilki intensiv yağışlar Azərbaycanda üzümlüklərin yararsız vəziyyətə düşməsinə səbəb olub.
"Report"un əldə etdiyi məlumata görə, respublika üzrə üzüm məhsulunun təxminən 70%-ı məhv olub və təhlükəli xəstəlik hesab edilən "mildiu"nun yaranmasına gətirib çıxarıb.
Bütün bölgələrdə müşahidə edilən bu xəstəlik üzüm tənəklərinin ən təhlükəli göbələk xəstəliklərindən biridir. O, özünü əsasən yalançı unlu şeh şəklində büruzə verir.
Mütəxəssislər hesab edirlər ki, üzümlüklərə vaxtında, mövsüm və hava şəraitinə, eləcə də torpağın xüsusiyyətlərinə uyğun şəkildə düzgün aqrotexniki qulluq göstərildikdə bu xəstəliyin qarşısını almaq mümkün olur. Məsələn, SSRİ dövründə respublikaya intensiv yağıntılar düşərkən traktorlar sahəyə daxil olur və mistərkibli dərmanlarla bu cür xəstəliklərin qarşısı alardılar. Lakin hazırda fermerlərin böyük əksəriyyəti, eləcə də fərdi həyətyanı sahələrində üzüm yetişdirənlər mütəxəssis rəyi olmadan standart şəkildə aqrotexniki qulluq göstərməyə çalışırlar. Bu isə çox vaxt istənilən nəticənin əldə olunmasına imkan vermir.
Mütəxəssislər böyük potensiala, güclü genofonda malik bu cür sahənin itməməsi və daha düzgün şəkildə inkişaf etməsi üçün xüsusi koordinasiya mərkəzinin yaradılmasını zəruri hesab edirlər. Onların fikrincə, fermerlərin, ümumiyyətlə, üzümçülüklə məşğul olan şəxslərin əlaqə yarada biləcəkləri, mütəmadi şəkildə müraciət edib tövsiyə ala biləcəkləri, bir sözlə, onlarda bu cür mədəniyyəti və etimadı formalaşdıracaq mərkəzin yaradılması üzümçülüyün, bütövlükdə, bağçılığın dirçəlməsində böyük rol oynaya bilər. Buna əyani misal kimi Türkiyədə fəaliyyət göstərən xüsusi Üzüm İstehsalı Birliyi göstərilir. Bu birlik üzümçülərə müasir texnikalardan istifadə etmək, məhsulun keyfiyyətini artırmaq, onu daxili və xarici bazarda reallaşdırmaq məsələlərində lazımi dəstək göstərir.