Heydər Əsədov Şəmkirdə vətəndaşları qəbul edib

Heydər Əsədov Şəmkirdə vətəndaşları qəbul edib Qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb
ASK
25 avqust 2017 14:00
Heydər Əsədov Şəmkirdə vətəndaşları qəbul edib

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumatda bildirilir. 

Məlumata görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar, əsasən, subsidiya, torpaqdan istifadə və texnikalara güzəştlərin tətbiq olunması, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər. H. Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. 

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

H.Əsədov Şəmkirdə “Aqrolizinq” ASC-dən lizinqə kənd təsərrüfatı texnikası götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Görüşdə Şəmkir, Tovuz, Goranboy, Qazax, Samux, Gədəbəy, Gəncə, Yevlax rayonlarından olan 90 fermerə lizinq yolu ilə verilmiş ümumilikdə 2 463 452 manat məbləğində 148 ədəd müxtəlif texnikaya 967 369 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 19 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda “Aqrolizinq”in əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20%-ni ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

Qeyd edək ki, indiyə qədər 7 860 elektron müraciət üzrə “Aqrolizinq”dən lizinqə götürülmüş 19 339 ədəd müxtəlif texnikaya ümumilikdə 155 366 837 manat güzəşt tətbiq edilib.

Orphus sistemi