Hacıqabulda toxum sərgi-satış yarmarkası keçirilib

Hacıqabulda toxum sərgi-satış yarmarkası keçirilib Bu gün Hacıqabul rayonunda toxum sərgi-satış yarmarkası təşkil olunub.
ASK
8 Sentyabr , 2022 14:24
Hacıqabulda toxum sərgi-satış yarmarkası keçirilib

Bu gün Hacıqabul rayonunda toxum sərgi-satış yarmarkası təşkil olunub.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, yarmarkada nazirlik yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edib.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, rayonda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir: "Aqrar sahədə uğurlu islahatların həyata keçirilməsi məhsuldarlığın artmasına ciddi təsir göstərib. Taxılçılıqda məhsuldarlığın artmasına fermerlərin keyfiyyətli, sertifikatlaşdırılmış toxumlara üstünlük verməsi müsbət təsir edib. Bu cür yarmarkaların keçirilməsi toxum istehsalçıları ilə fermerlərin birbaşa əlaqələrin qurmasına, təcrübə mübadiləsi aparmasına səbəb olur".

Kənd təsərrüfatı naziri İnam Kərimov isə bildirib ki, hər il olduğu kimi bu il də toxum satış yarmarkalarına maraq böyükdür: “Yüksək məhsuldarlığın əldə olunması üçün ilk addım keyfiyyətli, sertifikatlaşmış toxumdan başlayır. Əkin materialının düzgün seçilməsi yekun nəticədə fermerin yüksək məhsuldarlıq və daha çox gəlir əldə etməsinə səbəb olur. Hər il sahələrdən yüksək məhsuldarlıq əldə edən fermerlərin sayı artır. Burada düzgün aqrotexniki qulluq qədər, düzgün toxum seçimi də mühüm rol oynayır. Bu yarmarkalar həm fermerlərin keyfiyyətli toxuma əlçatanlığını təmin edir, həm də toxum bazarının formalaşmasına da müsbət təsir göstərir”.

Daha sonra tədbir iştirakçıları müxtəlif növ toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüblər. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi