Gürcüstan bu il orqanik gübrənin 89 %-ni Azərbaycandan alıb
- 21 may, 2024
- 11:43
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 213 min ABŞ dolları dəyərində 1 min 776 ton heyvan və ya bitki mənşəli (orqanik) gübrə idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 0,4 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana orqanik gübrə tədarük edən ölkələr arasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 310 min ABŞ dolları dəyərində 2 min ton orqanik gübrə alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 34 % azdır və 5 % çoxdur.
O cümlədən Gürcüstan Türkiyədən 43 min ABŞ dolları dəyərində 111 ton, Latviyadan 19,23 min ABŞ dolları dəyərində 53 ton, İtaliyadan 14,44 min ABŞ dolları dəyərində 5,67 ton, Rusiyadan 11,32 min ABŞ dolları dəyərində 66 ton orqanik gübrə idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 5 min 629 ton orqanik gübrə alıb ki, bunun da 799 min ABŞ dolları dəyərində 5 min 302 tonu Azərbaycanın payına düşüb.