Gəncədə 54 istifadəçiyə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası verilib

Gəncədə 54 istifadəçiyə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası verilib Onlara 100 ədəd traktor, 100 ədəd kotan və digər kənd təsərrüfatı texnikaları təqdim edilib
ASK
15 Sentyabr , 2016 20:24
Gəncədə 54 istifadəçiyə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası verilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə kənd təsərrüfatı texnikalarının cəmiyyətin regional nümayəndə- liklərinə və onların rayon bölmələrinin istifadəsinə verilməsi mərasimi keçirilib.

Nazirlikdən "Report"a bildirilib ki, tədbirdə Gəncə şəhəri, Ağstafa, Gədəbəy, Goranboy, Göygöl, Samux, Qazax, Şəmkir və Tovuz rayonlarından 54 istifadəçiyə 100 ədəd traktor, 100 ədəd kotan və digər kənd təsərrüfatı texnikaları təqdim edilib.

Təqdimat mərasimində çıxış edən Heydər Əsədov deyib ki, “Aqrolizinq” regional nümayəndə- liklərinin və onların rayon bölmələrinin maddi-texniki bazasının gücləndirilməsi, respublikada pambıq, taxıl, çəltik, tütün, üzüm, kartof və digər bitkilərin becərilməsində fermerlərə və kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə cari ildə, ümumilikdə, 328 ədəd kənd təsərrüfatı texnikası cəmiyyətin regional nümayəndəliklərinə və onların rayon bölmələrinin istifadəsinə verilib.

“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşən Heydər Əsədov qeyd edib ki, bu təqdimatda, ümumilikdə, 2 milyon 246 min 575 manat dəyərində olan texnikaya görə vətəndaşlara 863 min 936 manat məbləğində güzəşt tətbiq edilib.

Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb. O cümlədən güzəşt tətbiq edildikdən sonra 22 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. İstifadəçilər Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb, onlara müvafiq sənədlər təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC-nin əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər. İndiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 6 min 197 istifadəçi lizinq yolu ilə 13 min 681 ədəd müxtəlif kənd təsərrüfatı texnikası götürüb. Bu texnikalara, ümumilikdə, 73 milyon 72 mindən artıq güzəşt tətbiq olunub.

Tədbirdə, həmçinin iki şəhid ailəsinə lizinqə götürdükləri kənd təsərrüfatı texnikalarının sənədləri təqdim edilib.

Sonra Heydər Əsədov Göygöl rayonunda Süni Mayalama Mərkəzinə gəlib, görülən işlərlə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi