Yuxarı

​Gəncə-Qazax bölgəsində fitosanitar monitorinqlər aparılıb

Monitorinq zamanı yığılan kartof məhsulunun zərərverici ilə təkrar yoluxması müəyyən edilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti tərəfindən Gəncə-Qazax bölgəsində fitosanitar monitorinqlər həyata keçirilib.

Xidmətdən “Report”a verilən məlumata görə, monitorinqlər 2015-ci ildə karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı həyata keçirilən mübarizə tədbirlərinin səmərəliliyinin yoxlanılması, aparılması nəzərdə tutulan mübarizə tədbirlərinin düzgün planlaşdırılması və mövcud olan problemlərin çevik həll edilməsi məqsədi ilə aparılıb.

Ümumilikdə, Gəncə-Qazax bölgəsində cari ildə zərərli orqanizmlərin aşkar edilməsi məqsədi ilə 865 min 976 hektar sahədə müşahidə işləri aparılıb, 235 min 379 hektar sahədə sirayətlənmə müşahidə edilib. Zərərli orqanizmlərə qarşı təsərrüfat subyektləri hesabına 99 min 703 hektar, büdcə vəsaiti hesabına isə 39 min 359 hektar mübarizə tədbirləri aparılıb.

Bölgədə ən təhlükəli növlərdən biri kartof güvəsidir. Güvə vegetasiya müddətində və saxlanma dövründə məhsulu 25-80 faiz məhv edə bilir. Bu təhlükəni nəzərə alaraq, 2014-cü ildən Dövlət Xidməti "Respublika ərazisində kartof güvəsinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planı"nı icra edir. Tədbirlər planı çərçivəsində bölgədə zərərvericiyə qarşı 8915 hektar sahədə büdcə vəsaiti hesabına mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri çərçivəsində zərərvericinin vurduğu itki 85-90 faiz civarında azaldılıb.

Monitorinq zamanı yığılan kartof yumrularının sahələrdə və həyətlərdə açıq şəraitdə saxlanması nəticəsində məhsulun zərərverici ilə təkrar yoluxması müəyyən edilib. Mütəxəssislər tərəfindən fermer və torpaq mülkiyyətçilərinin zərərvericiyə qarşı aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin aparılması istiqamətində maarifləndirilməsi həyata keçirilmiş, ilin sonuna qədər nəzərdə tutulan mübarizə tədbirlərinin səmərəliliyinin artıtılması barədə işgüzar müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi