Hazırda kənd təsərrüfatı sahəsinin mərkəzində idarə olunan suvarma sistemi dayanır.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 2-ci günündə bildirib.
Onun sözlərinə görə, Azərbaycan torpaq resursu məhdud olan ölkələrdən biridir: "Ölkədə torpaqların 55 %-i kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bunun təxminən yarısı isə əkin üçün yararlıdır. Qalanları isə heyvandarlıq üçün istifadə edilən ərazilərdir".
F. Tağıyev, ölkədə dəmyə əkinçiliyin uğurlu olmadığını qeyd edib: "Ölkədə daha çox idarə olunan suvarma sisteminin artımını gözləyirik. Bu sistemlər təkcə kənd təsərrüfatı sahəsində suyun qənaət edilməsi ilə deyil, həm də məhsuldarlığın artması ilə nəticələnir. Odur ki, hazırda kənd təsərrüfatı sahəsinin mərkəzində idarə olunan suvarma sistemi dayanır".