İşğaldan azad edilmiş ərazilərdə ən ciddi artım gözlənilən sahələrdən biri heyvandarlıq olacaq.
Bu barədə "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, bu ərazilərdə heyvandarlıq təsərrüfatları bərpa olunduqdan sonra bizim ət və süd məhsullarına hazırda olan 85 %-lik özümüzü təmin etmək göstəricimiz, orta hesabla 99 %-ə qədər yüksələcək. Biz həmin ərazilərin hesabına ət və süd məhsulları ilə özümüzü tam təmin edəcəyik" .
O vurğulayıb ki, ötən il aqrar məhsulların istehsalında stabil artım müşahidə edilib: "Təqribi qiymətləndirmələrə görə, ötən il Azərbaycanda rekord həddə -70 min tona yaxın fındıq istehsal olunub. Bu Azərbaycan tarixində rekord göstəricidir. Eyni zamanda çəyirdəkli meyvələrin - gilas, şaftalı, ərik kimi məhsulların istehsalında da ciddi artım var. İxraca bağlı pambıq sektorundakı cüzi azalmanı nəzərə almasaq, bu sahədə də artım var. Odur ki, bu artımla qeyri-neft sektorunda pambıqçılıq mühüm rol oynamış olur. Növbəti illərdə biz pambıqçılıqla bağlı artımın davam edəcəyini gözləyirik.
Eyni zamanda ötən il Azərbaycan ilk dəfə 15 milyon ABŞ dolları civarında bostan məhsulları ixrac edib. Bu yeni trenddi. Əlavə edim ki, faraş kartofun ixracı 90 min tona çatıb ki, bu da trend hesab olunur".