“Bütün sahələrdə olduğu kimi, aqrar sahədə də iki dost, qardaş və müttəfiq ölkələr olan Türkiyə və Azərbaycan arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir".
Bu fikirləri "Report"a açıqlamasında “Prior Leasing” şirkətinin baş direktor müavini Fərrux Süleymanov bildirib.
Onun sözlərinə görə, aprelin 18-də Ankara şəhərində keçirilmiş Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası bu məqamlara bir daha aydınlıq gətirib: "Tədbir çərçivəsində aqrar sahədə əməkdaşlıq üçün perspektiv istiqamətlər müəyyən edilib. Keçirilən tədbirlərdə, aparılan danışıqlarda təcrübələrin paylaşılması aqrar sektora mühüm töhfələr verir. İnanırıq ki, bütün regionlarımızda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə aqrar sahədə aparılan genişmiqyaslı işlərin müsbət nəticələrini ən qısa zamanda görəcəyik. Bunun üçün kifayət qədər potensial mövcuddur”.
F.Süleymanov hər iki dövlətin aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə sıx və səmərəli əməkdaşlığından bəhs edərək onu da vurğulayıb ki, kənd təsərrüfatı məhsulları üzrə qarşılıqlı ticarət əlaqələri inkişaf edir və bu sahədə ticarət dövriyyəsinin artırılması üçün birgə səy göstərilir: “Statistikalara nəzər salsaq görərik ki, Azərbaycanla Türkiyə arasında ötən ilki ticarət dövriyyəsi 7 milyard 650 milyon ABŞ dolları təşkil edib. Bu rəqəmin 783 milyon 861 min ABŞ dolları Azərbaycandan Türkiyəyə ixrac edilən qeyri-neft məhsullarının payına düşür ki, bu da 2022-ci il ilə müqayisədə 9,9 % çoxdur. Əlbəttə, biz bu artım tendensiyasını 2024-cü ildə də müşahidə edəcəyimizdən əminik. Ölkə başçısı İlham Əliyevin qeyri-neft sektorunun inkişafına xüsusi önəm verməsi bu gün özünü kənd təsərrüfatında aydın şəkildə nümayiş etdirir. Ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, tətbiq olunan rəqəmsal texnologiyalar, aqrar təhsil və tədqiqatlar, beynəlxalq layihələr, fermerlərə göstərilən dəstək və onların icra mexanizmləri, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulması, orada ekologiyanın mühafizəsi və biomüxtəlifliyin qorunmasına yönəlmiş ən son texnologiyaların tətbiqi hər zaman prioritetdir”.
Aprelin 18-də Ankarada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında imzalanan “Aqrar tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”nə və İcra Komitəsinin 11-ci iclasına diqqət çəkən Fərrux Süleymanov onu da qeyd edib ki, Azərbaycan Türkiyənin aqrar sahədə müasir texnologiyaların tətbiqinə dair təcrübəsindən yararlanmaqda maraqlıdır.
“Biz də “Prior Leasing” olaraq dost, qardaş və müttəfiq ölkə Türkiyə ilə qarşılıqlı əməkdaşlığımıza davam edirik. Məlumdur ki, biz qardaş ölkənin aparıcı kənd təsərrüfatı texnikaları istehsalçılarının dünya standartlarında olan məhsullarının ölkəmizə gətirilməsini, fermerlərimizin bu məhsullara əlçatanlığını təmin edirik. Sevindirici haldır ki, Azərbaycan fermerləri bu gün türk məhsullarını yüksək qiymətləndirirlər. Biz sahibkarlar da Türkiyənin aqrar sahədəki təcrübələrindən mütəmadi olaraq faydalanır, ölkəmizdə geniş miqyasda tətbiqini həyata keçiririk. Əlbəttə ki, imzalanan bu sənəd mövcud olan əlaqələrimizin daha da genişlənərək möhkəmlənməsinə şərait yaradacaq”, - deyə, Fərrux Süleymanov bildirib.