Yuxarı
    Bağlamaq

    Azərbaycanda fermerlərin maliyyə resurslarına çıxışının asanlaşdırılması ilə bağlı tədbirlər planı hazırlanır

    Bu məsələ Kənd Təsərrüfatı Nazirliyində keçirilmiş iclasda müzakirə edilib

    Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”  sərəncamının icrası ilə əlaqədar iclas keçirilib.

    Nazirlikdən "Report"a daxil olan məlumata görə, iclasda qurumun mütəxəssisləri ilə yanaşı, Dövlət Neft Fondunun, İqtisadiyyat Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın nümayəndələri iştirak ediblər.

    İclasa sədrlik edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, dövlət başçısının sərəncamı “Azərbaycan Respublikasında kəndtəsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərdə tutulmuş prioritetlər üzrə təfsilatlı və geniş tədbirlər planının hazırlanmasını zəruri edir. O, tədbirlər planının hazırlanması üçün aidiyyəti dövlət orqanlarının, maliyyə təşkilatlarının da münasibət bildirməsinin vacibliyini qeyd edib.

    İclasda iştirak edən digər qurumların nümayəndələri ölkə başçısının sərəncamında qeyd edilmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirlərini bildirib, müvafiq təkliflər səsləndiriblər. Sonda nəzərdə tutulan tədbirlər planına dair yekun təkliflərin qısa müddətdə təqdim edilməsi razılaşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi