Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına bu il ödənilmiş subsidiyanın “Fermer Kartı”nda qalmış hissəsindən gələn il istifadə etmək mümkün olacaq.
Bu barədə “Report” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat verilib.
Məlumatda görə, qalıq vəsaitdən gələn il istifadə edə bilmək üçün “Fermer kartı” aktiv olmalıdır. Əgər fermer öz adına açılmış “Fermer Kartı”nı bankdan götürüb və aktivləşdiribsə, kartda qalmış vəsaitdən gələn il də istifadə edə biləcək. Fermer kartı bankdan götürməyibsə, yaxud da götürüb, aktivləşdirməyibsə, kartdakı vəsait silinəcək. Bu səbəbdən AKİA fermerlərə müraciət edərək adlarına açılmış “Fermer kartı”nı bankdan götürərək aktivləşdirməyə çağırır.
Bu ilin yanvarından fermerlər subsidiya üçün müraciəti Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən onlayn qaydada edir, subsidiyalar onların “Fermer Kartı”na köçürülür. Yeni qaydaya görə, fermerlərə ödənilən əkin subsidiyasının yalnız 25 %-i nağdlaşdırıla bilir, qalan 75 %-dən isə fermer təchizatçılara verilmiş POS-terminallar vasitəsilə ödəniş edərək, əkin üçün lazım olan toxum, ting, gübrə və pestisidlər alırlar.