FAO: "Sovet dövründə pestisidlərin istifadəsində düzgün idarəetmə və planlaşdırma olmayıb"

FAO: "Sovet dövründə pestisidlərin istifadəsində düzgün idarəetmə və planlaşdırma olmayıb" “Sovet dövründə pestisidlərin istehsalı və istifadəsində düzgün idarəetmə və planlaşdırma olmaması səbəbindən Orta Asiya ölkələri və Azərbaycan bunun nəticələrindən təsirlənib”.
ASK
1 İyul , 2022 11:01
FAO: Sovet dövründə pestisidlərin istifadəsində düzgün idarəetmə və planlaşdırma olmayıb
Mələk Çakmak

“Sovet dövründə pestisidlərin istehsalı və istifadəsində düzgün idarəetmə və planlaşdırma olmaması səbəbindən Orta Asiya ölkələri və Azərbaycan bunun nəticələrindən təsirlənib”.

“Report” xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak 27-29 iyun tarixləri arasında Bakıda “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” regional layihəsi çərçivəsində baş tutan tədbirdə deyib.

Onun sözlərinə görə, çoxlu sayda köhnəlmiş pestisidlər hələ də həm ətraf mühit, həm də insan sağlamlığı üçün ciddi təhlükə hesab olunur. M.Çakmak, bu layihənin benefisiar və hökumətləri dəstəkləmək və dayanıqlı həllər yaratmaqla bu problemi həll edə biləcəyini vurğulayıb.

FAO-nun kənd təsərrüfatı və layihənin aparıcı texniki mütəxəssisi Tania Santivanez, köhnəlmiş pestisidlərin yenidən qablaşdırılması və onların təhlükəsiz və nəzarət edilən ərazidə mühafizəsi məqsədə uyğun bir utilizasiya variantı mövcud olana qədər regionda sağlamlığa dair təhlükələrin və ekoloji risklərin qarşısını almaq üçün mühim addım olduğunu deyib.

“Ona görə də hökümətlə əməkdaşlıq çərçivəsində bu mühafizənin düzgün planlaşdırılması və həyata keçirilməsi, həmçinin biliklərin artırılması olduqca vacibdir”,- deyə o əlavə edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov bildirib ki, FAO ilə birlikdə Azərbaycanda köhnəlmiş pestisidlərin daha dayanıqlı şəkildə idarə olunması üzərində birgə fəaliyyət göstərilir və bu mühim əhəmiyyət kəsb edən əməkdaşlığın bir başlanğıcıdır.

27-28 iyun tarixində layihənin Regional Rəhbər komitə iclasının görüşü keçirilib. İclasın məqsədi ölkələr üzrə prioritetlərin müzakirəsi, layihənin növbəti fəaliyyətlərinin və iş planlarının təsdiq edilməsi idi. Tədbirin üçüncü günü qonaqlar Cəngi pestisid poliqonuna səfər edərək sahədə yaradılan qabaqcıl şəraitlə və görülən işlərlə tanış olublar. Qeyd edək ki, köhnəlmiş pestisidlərin saxlandığı Cəngi pestisid poliqonunda 217 ton yüksək təhlükəli kimyəvi maddələrin beynəlxalq standartlar əsasında qablaşdırılması işləri hal-hazırda davam etməkdədir.

Tədbirlərdə müvafiq dövlət qurumlarının nümayəndərləri, mütəxəssislər, Türkiyə, Qazaxıstan, Qığızıstan və Tacikistandan olan qaonaqlar iştirak edib. Tədbirin ilk günü pestisidlərlə davranış, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, gender elementlərini əhatə edən texniki təlimlər baş tutub. Gender elementlərini əhatə edən texniki təlimlərdə bu sahəyə aid olan gender aspektləri müzakirə olundu. İki hissədən ibarət olan seminarda pestisidlərin təhlükəsiz istifadəsini təkmilləşdirmək üçün gələcək fəaliyyətlərdə gender bərabərliyinin necə təşviq edilməsinə dair fikirlər səsləndirildi.

2019-cu ildə icrasına start verilmiş layihə çərçivəsində bu günədək bir sıra fəaliyyətlər həyata keçirilib. Ölkə üzrə istifadəyə yararsız pestisidlərin inventarlaşdırılması, hüquqi bazanın təhlili, boşluqların aradan qaldırılması üçün təkliflər, pestisidlərin, xüsusi ilə də daimi üzvi çirkləndiricilərin məhv edilməsi üçün alternativ imkanların öyrənilməsi və müvafiq texniki araşdırmalar ötən müddət ərzində həyata keçirilmişdir. Bununla yanaşı, yüksək təhlükəli pestisidlərin istifadəsinin azaldılması üçün onlara alternativ metodların təşviqi istiqamətində müvafiq dövlət ququrmları ilə birlikdə qabaqcıl kənd təsərrüfatı təcrübələri, o cümlədən zərərvericilərə qarşı inteqrir mübarizə metodlarının tətbiqi məqsədi ilə Xaçmaz, Samux, Şəmkir və Goranboy rayonlarında tərəvəzçilik sahəsində pilot fəlaiyyətlər icra edilib.

Son xəbərlər

Orphus sistemi