BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Mələk Çakmakın ölkədəki diplomatik fəaliyyət müddəti başa çatıb.
"Report" xəbər verir ki, bu barədə FAO-nun Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.
M.Çakmak isə bu barədə ictimaiyyətə müraciət ünvanlayıb: "Bu gün mənim FAO-nun Azərbaycandakı nümayəndəsi kimi son günümdür. Təbii ki, bu diplomatik fəaliyyətə başlayarkən bir gün işimi layiqincə icra edib yekunlaşdırmalı olacağımın fərqində idim. Mən bu gün Azərbaycandan həddindən artıq xoş xatirələrlə ayrılıram. Fəaliyyətim dövründə biz Azərbaycanla yalnız kənd təsərrüfatında deyil, təhsil, ətraf mühit, iqlim dəyişikliyi, məşğulluğun artırılması, gender bərabərliyi, gənclərin fəaliyyətinin artırılması və digər bir çox sahədə əməkdaşlıqlar edib öz töhfələrimizi vermişik. Burada yaşamaq və fəaliyyət göstərmək Azərbaycan tarixinin əlamətdar günlərinə şahid olmaqdan böyük qürur hissi duyuram.
Layihələrimiz çərçivəsində Azərbaycanın dörd bir yanına səfər edərək ölkənin zəngin adət-ənənəsi, tarixi ilə tanış olmaq, fermerləri ilə görüşmək şərəfinə nail oldum. Bütün bunlar mənim Azərbaycandakı fəaliyyət dövrümün gözəl xatirələri kimi yadda qalacaq. Azərbaycan xalqının qonaqpərvərliyi və səxavətli olması mənim ən yadda qalan xatirələrimdən biri olacaq. Pandemiya dövründə hər birimiz çətinliklərlə üzləşdik, bu dövrdə də qonaqpərvər və mehriban münasibətə görə Azərbaycan xalqına təşəkkür edirəm. Bu illər ərzində FAO Azərbaycanın fəaliyyətinə öz töhfəsini verən bir çox fermer, təsərrüfat sahibi, xüsusilə qadın fermerlərlə görüşməkdən məmnun oldum. Mən həqiqətən çox şadam ki, kənd təsərrüfatının inkişafı bu enerjili və zəhmətkeş fermerlərin əlindədir".