BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda yeni layihələrin icrasına başlamağa hazırdır.
"Report " xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib.
"Azərbaycan "Milli Qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi layihəsi"ni uğurla icra edib. Bu layihə qida nəzarəti sahəsində çətinliyi aradan qaldıracaq. Həmin alətdən bir sıra ölkələrdə istifadə edilir. Qida təhlükəsizliyi sistemləri səhiyyənin və kənd təsərrüfatının inkişafında önəmli rola malikdir", - deyə o qeyd edib.
Bu gün Bakıda “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə yekun tədbir keçirilib. Tədbirin ilk günü FAO və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) alətindən istifadə etməklə Qida Nəzarəti Sisteminin Qiymətləndirilməsinin Nəticələri üzrə Texniki Görüş baş tutub. Görüşdə qida nəzarəti sistemi üzrə prioritet sahələr və strateji tədbirlər müəyyənləşdirilib.
“Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” üzrə ölkəmizdə aparılan qiymətləndirmə nəticəsində ölkədəki qida təhlükəsizliyi sistemi üzrə FAO-nun və ÜST-nin müəyyənləşdirdiyi ideal sistemlərin 25 səriştəsinin (kompetensiya) nəzərə alındığı və işlək olduğu aşkarlanıb. Bu isə qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatların müəyyən etdiyi standart və tələblərə uyğunluğunu göstərir. Layihəyə cəlb edilən beynəlxalq ekspertlər isə qiymətləndirmə prosesində əldə olunan nəticələrdən çıxış edərək ölkəmizdə qida təhlükəsizliyi sistemində böyük nailiyyətlərin əldə olunduğunu bildiriblər.