BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Azərbaycanda həyata keçirilən “Aqrar Xidmətlər Agentliyinin nəzdində Toxum və Aqrokimyəvi Laboratoriyaları və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində toxumçuluqda məhsuldarlığın artırılması nəzərdə tutulur.
Bu barədə “Report”a FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Proqramlar üzrə mütəxəssisi Kaan Başaran deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində toxumçuluq sahəsində aparılan analizlərin keyfiyyətini artırmaq planlaşdırılır: “Toxumçuluqda məhsuldarlığın artırılması üçün keyfiyyətli toxumların sertifikatlaşdırılması vacib məqamdır. Bunun üçün Azərbaycanın kartof toxumçuluğun gücləndirilməsi ilə bağlı başqa layihəmiz də həyata keçirilir. Ümumiyyətlə həmin sektorun inkişafı nəzərdən keçirilir. Burda sertifikatlaşma, sortların tanıdılması, toxum sortlarının potensialının artırılması nəzərdə tutulur. Beynəlxalq toxumlara əsaslanaraq toxumçuluğun bərpası, çünki ölkənin özünü tam toxum təminatı məsələsi çox vacibdir. Burda qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, toxumların yerli istehsalının artırılması üçün bu sahədə fəaliyyət göstərəcək şirkətlərin yaradılması məqsədə uyğundur".
K.Başaran hesab edir ki, sertifikatlaşmanın təkmilləşdirilməsi uzun müddətdə sektorun gücləndirilməsinin təmin edilməsi deməkdir, bu da qanunvericiliyin standartlara uyğunlaşdırılması ilə mümkün olacaq:."Biz bu sahədə də layihə çərçivəsində iş görməyi planlaşdırırıq”.
Xatırladaq ki, mayın 16-da “Aqrar Xidmətlər Agentliyinin nəzdində Toxum və Aqrokimyəvi Laboratoriyaları və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi” layihəsinin açılış mərasimi keçirilib. FAO ilə Azərbaycan arasında texniki dəstək proqramı çərçivəsində 2015-2017-ci illər ərzində toxumçuluğun inkişafı ilə bağlı layihə həyata keçirilib.