Əsas tədarük bazarından Azərbaycana buğda idxalı 20 % artıb
- 18 yanvar, 2023
- 12:48
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 395,157 milyon ABŞ dolları dəyərində 1 milyon 163 min 816 ton buğda (toxumluqdan başqa) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 15,1 % çoxdur.
Hesabat dövründə Rusiyadan 308,685 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,3 % çoxdur) 911 min 213 ton (-7,6 %) və Qazaxıstandan 86,472 milyon ABŞ dolları dəyərində (+13 dəfə) 252 min 603 ton (+10 dəfə) məhsul idxal edilib.
Noyabrda Azərbaycan buğdanı əsasən Rusiyadan alıb. Həmin ölkədən tədarükün həcmi noyabrda öncəki 10 ayın göstəricisi ilə müqayisədə 20 % artıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi (6 ölkədən) 1,148 milyon ton buğdanın 95,3 %-i Rusiyanın payına düşüb.