Ərzaq qiymətlərinin indeksi may ayında 4,8 faiz artaraq 2011-ci ilin sentyabr ayından bu yana ən yüksək rəqəm olan 127.1 bəndə çatıb.
“Report” xəbər verir ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə, bitki yağlarının qiymət indeksi 7,8 faiz artaraq 174,7 bəndə çatıb. Əsasən palma, soya, raps yağı bahalaşır. Şəkərin qiymət indeksi 6,8 faiz artaraq 106,7 bəndə çatıb ki, bu da 2017-ci ilin mart ayından bəri ən yüksək rəqəmdir. Dənli bitkilərin qiymət indeksi 6 faiz artaraq 133,1 bənd təşkil edib.
Daha çox qarğıdalı və arpa bahalaşıb. Ət məhsullarının qiymət indeksi 2,2 faiz artaraq 105 bəndə çatıb.
Həmçinin ağartı məhsullarının qiymət indeksi 1,5 faiz artaraq 120,8 bənd təşkil edib. Əsasən, quru süd və pendir bahalaşıb, kərə yağı isə ucuzlaşıb.