Prezident İlham Əliyev 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) haqqında Əsasnamə”də dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar heyvanların, heyvan mənşəli məhsulların və xammalın məhv edilməsi, emalı və ya təkrar emalı məqsədilə götürülməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, habelə həmin xəstəliklər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi barədə məlumatlar EKTİS-ə daxil ediləcək.