EBRD Azərbaycanda pambıq istehsalı imkanlarının araşdırmaq üçün xüsusi məsləhətçilər cəlb edib

EBRD Azərbaycanda pambıq istehsalı imkanlarının araşdırmaq üçün xüsusi məsləhətçilər cəlb edib Bununla bağlı təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.
ASK
18 Noyabr , 2016 19:50
EBRD Azərbaycanda pambıq istehsalı imkanlarının araşdırmaq üçün xüsusi məsləhətçilər cəlb edib

Bakı. 18 noyabr. REPORT.AZ/ Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakıdakı daimi nümayəndəliyinə yeni rəhbəri İvana Duartenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Məlumata görə, görüşün məqsədi EBRD ilə aqrar sahədə perspektiv əməkdaşlıq imkanlarının müzakirəsi olub. İ. Duarte təmsil etdiyi qurumun Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar proqramını dəstəklədiyini bildirib. 

Onun sözlərinə görə, EBRD-nin prezidenti Suma Çakrabartinin bu ilin may ayında Prezident İlham Əliyevlə keçirdiyi görüşdə kənd təsərrüfatının prioritet sahələri, xüsusən pambıqçılığın inkişafı müzakirə olunub. İ.Duarte qeyd edib ki, bu məqsədlə artıq Azərbaycanda pambıq istehsalının perspektiv imkanlarının araşdırılması üçün xüsusi məsləhətçilər cəlb olunub və təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq. 

EBRD rəsmisi kənd təsərrüfatında orta və kiçik sahibkarlığın inkişafına maliyyə dəstəyinin verilməsi, eyni zamanda kənd təsərrüfatında biznes sahələrinin ixrac imkanlarının artırılmasının dəstəklənməsi, özəl sektora kreditlərin verilməsi, fermerlərə informasiya məsləhət xidmətlərinin göstərilməsi barədə məlumat verib və fəaliyyəti dövründə kənd təsərrüfatının əsas prioritet hesab olunan sahələri üzrə əməkdaşlığın davam etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

S. Talıbov isə hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü və prioritet hesab olunan sahələr, o cümlədən pambıqçılıq və baramaçılıq sahələri barədə geniş məlumat verib. Qlobal dəyər zəncirinə inteqrasiyanı gücləndirməklə bazara çıxış imkanlarının yaxşılaşdırılması, dövlət və özəl sektor arasında sıx əlaqələrin yaradılması, ixracın coğrafiyasının genişləndirilməsi barədə danışan nazir müavini kredit maliyyə sahəsində risklərin qiymətləndirilməsi, aqroparkların yaradılması məqsədilə birgə əməkdaşlıq üçün perspektiv imkanların mövcudluğunu deyib.

Azərbaycanda kənd təsərrüfatı sahəsində məqsədyönlü işlər həyata keçirildiyini bildirən KTN rəsmisi əsas hədəflər hesab olunan ərzaq təhlükəsizliyi, əhalinin ərzaq məhsullarına olan təlabatının yerli istehsal hesabına ödənilməsi, ölkəmiz üçün ənənəvi olan qədim əkinçilik sahələrinin inkişaf etdirilməsi və ixracyönümlü məhsulların istehsalına xüsusi diqqət yetirildiyini vurğulayıb. Donor təşkilatlarla əlaqələrin genişləndirilməsinə önəm verildiyini vurğulayan nazir müavini, Beynəlxalq Maliyyə Təşkilatları, xüsusilə EBRD-nin Azərbaycanda həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, bundan sonrada bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi