Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) agro-texnoloji startaplara dəstək verilməsi üçün "AgVenture" müsabiqəsinə start verib.
“Report”a EBRD-yə istinadən xəbər verir ki, qalib startaplar EBRD-nin "Star Venture" proqramı vasitəsilə 80 000 avroya qədər olan xüsusi məsləhət dəstəyindən və əlavə xidmətlər, əməkdaşlıqlar və beynəlxalq forumlarda tanınma imkanları üçün 10 000 avro qrantdan faydalanacaqlar. Qalib startaplar aprel ayının sonunda elan olunacaq.
Məlumatda deyilir ki, EBRD bu layihəyə başlanğıc mərhələdə olan innovativ aqrar müəssisələri dəstəkləmək məqsədilə EBRD-nin sərmayə yatırdığı bütün ölkələrdə həyata keçirir.
Müsabiqə qida təhlükəsizliyi, iqlim dəyişikliyi, hədəf qrupların və kiçik bizneslərin qlobal dəyər zəncirlərinə daxil edilməsi kimi qida sənayesindəki əsas problemləri həll etməyi hədəfləyir.
"Nəzərə alsaq ki, dünya əhalisinin 2012-ci ildə təxminən 7 milyarddan 2050-ci ildə 9,6 milyarda yüksələcəyi gözlənilir, ərzaq təhlükəsizliyi qlobal miqyasda ən aktual problemdir. Bundan əlavə, iqlim dəyişikliyi temperaturun artması ilə qida zəncirindəki bütün fəaliyyətlərə mənfi təsir göstərir, məsələn, kənd təsərrüfatı sahələrində su problemi artmağa davam edir", - məlumatda deyilir .
EBRD innovativ məhsulların, xidmətlərin və texnologiyaların inkişafını daha da sürətləndirmək və qida istehsalını daha dayanıqlı, səmərəli və inklüziv etməklə bu problemlərin bəzilərini həll etmək istəyir.
Bankın mövcud və potensial müştəriləri də qabaqcıl texnologiyaları dəstəkləməklə və ya korporativ vençur kapitalı kimi maliyyə ilə təminatı həyata keçirməklə startap sektorunda daha fəal rol almağa təşviq ediləcəklər.
Xatırladaq ki, EBRD 1991-ci ildən bəri açıq bazar yönümlü iqtisadiyyatlara keçidi və sahibkarlıq təşəbbüsünü təşviq etmək üçün üç qitədə 6 500-dən çox layihəyə 180 milyard avrodan çox sərmayə qoyub.