Dünyada ərzaq niyə bahalaşır?

Dünyada ərzaq niyə bahalaşır? BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, son 1 ildə dünyada ərzaq qiymətləri ən yüksək həddinə çatıb.
ASK
18 Dekabr , 2020 16:18
Dünyada ərzaq niyə bahalaşır?

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, son 1 ildə dünyada ərzaq qiymətləri ən yüksək həddinə çatıb.

"Report"un məlumatına görə, bu barədə qurumun yaydığı hesabatda bildirilir.

Sənədə əsasən, başa çatmaqda olan 2020-ci ildə Qlobal Ərzaq Qiyməti İndeksi 97,9 bənd təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 4,9 % çoxdur.

FAO hesab edir ki, qlobal ərzaq qiymətləri əsasən güclü tələb və dolların zəifləməsi ilə bağlı artır. Amma səbəblərdən biri də koronavirus pandemiyasıdır. Onun hesabına ölkələrarası idxal-ixrac əməliyyatlarında məhdudiyyətlər yaranır və bununla da dünya bazarında müddətli alış-satış müqavilələrində qiymət dəyişikliyi müşahidə olunur.

Müşahidələr göstərir ki, bahalaşma daha çox bitki yağları, buğda və şəkərdə özünü göstərir.

Məsələn, 2017-2019-cu illərdə dünya bazarında günəbaxan yağının qiymətində nisbətən sabitlik müşahidə olunsa da, 2020-ci ildə kəskin artım qeydə alınıb. Aylıq müşahidə dövründə isə 2020-ci ilin aprel ayından etibarən artım trendi daha da yüksək həddə çatıb. 2020-ci ilin oktyabr ayında günəbaxan yağının 1 tonunun qiyməti sentyabr ilə müqayisədə 0,82 % artaraq 1 198,4 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Eyni tendensiya zeytun yağında da özünü göstərir. 2020-ci ildə zeytun yağının dünya bazarı qiymətində ötən 3 illə müqayisədə artım qeydə alınıb. Aylıq müşahidə dövründə isə 2020-ci ilin iyun ayından etibarən artım trendi özünü göstərir. 2020-ci ilin oktyabr ayında zeytun yağının 1 tonunun dünya bazarı qiyməti sentyabr ilə müqayisədə 6,47 % artaraq 3,29 min ABŞ dolları səviyyəsində qərarlaşıb.

Şəkərin dünya bazarı qiymətində müşahidə olunan artım trendi isə 2020-ci ilin fevral ayında ən yüksək həddinə çatıb. Bu ilin may ayından qeydə alınan artım sentyabr ayında azalma ilə əvəz olunsa da, oktyabr ayında yenidən yüksəlib. Bu ilin oktyabr ayında şəkərin 1 kiloqramının qiyməti sentyabr ayı ilə müqayisədə 15,38 % artaraq 0,312 ABŞ dolları səviyyəsində qərarlaşıb.

2017-2019-cu illər ərzində buğdanın dünya bazarı qiymətində nisbətən sabitlik müşahidə olunsa da, 2020-ci ilin ilk üç rübü ərzində artım qeydə alınıb. Aylıq müşahidə dövründə isə 2020-ci ilin oktyabr ayında buğdanın 1 tonunun dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 0.34 % azalaraq 203,4 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Azərbaycanın idxalda əsas partnyoru Rusiyadan ixrac edilən buğdanın qiymətində qeydə alınan artım trendi isə 2020-ci ilin fevral ayından etibarən qeyri - müəyyənliklə əvəz olunub. Cari ilin oktyabr ayında 1 ton buğdanın ixrac qiyməti əvvəlki aya nisbətən 10,18 % artaraq 251 ABŞ dolları səviyyəsində qərarlaşıb. Daxili bazarda buğdanın qiymətində qeydə alınan artım trendi isə 2020-ci ilin fevral ayından etibarən qeyri-müəyyənlik ilə əvəz olunub. 2020-ci ilin oktyabr ayında 1 ton buğdanın qiyməti əvvəlki aya nisbətən 9,77 % artaraq 198,9 ABŞ dolları olub. 2020-ci ilin oktyabr ayı ərzində Qara dəniz və Azov dənizi portlarında buğdanın 1 tonunun qiyməti müvafiq olaraq 242 ABŞ dolları ilə 259 ABŞ dolları və 214 ABŞ dolları ilə 229 ABŞ dolları arasında dəyişib.

İxracatçı ölkələrin ekspertləri bildirir ki, qiymətlərin kəskin artmasına Qara dəniz limanlarında bədbin məhsul proqnozları və həm Ukraynada, həm də Rusiyada günəbaxan tədarükü üçün təkliflərin olmaması əsas gətirilir. Bundan əlavə, həmin ölkələrdə yığımın hava şəraiti ilə əlaqədar olaraq gecikməsi, bununla da emal prosesindəki gecikmələr, problemi yaradan əsas səbəblərdəndir.

Rusiyada qiymət artımın əsas səbələrindən biri də, rus rublunun getdikcə dollara nisbətdə dəyərdən düşməsidir. Rusiya daxilində olan satış rubl ilə tənzimləndiyi üçün satışda istehsalçılar və distributerlər satış riski daşıyır. Buna görə də, istehsalçılar məhsulların daxili bazarda deyil, xarici ölkələrdə satışına üstünlük verir. Çünki, istehsalçı və distributer məhsullarını yerli marketlərdə satışa çıxardıqdan uzun müddət sonra, ona 90-120 gün ərzində ödəniş edilir. Bu müddətdə rubl dəyərdən düşərsə mağazalar istehsalçı və distributerə nəzərdə tutulandan daha az ödəniş edir. Məhsullar ixrac olunanda isə, istehlaçı və distributerə nəzərdə tutulduğu kimi ödəniş edilir. Yəni, rubl dəyərdən düşdükdə, istehsalçıya maddi ziyan dəymir, zaman riski yaşamır. Bu da daxili bazarda spekulyativ qiymət artımı riskini artırır. Rusiya Azərbaycanın da mövcud olduğu bölgədə və yaxın şərq ölkələrində bitki yağları, un və şəkərin əsas ixracatçısı olduğundan bu amil daxili bazarla yanaşı, ixrac olunan ölkələrdə də qiymətlərin bahalaşmasına zəmin yaradır. Buna görə də, Rusiyada 2020-ci ilin sonunda şəkər ötən illə müqayisədə 71 %, bitki yağlarında 30,8 %, taxil məhsullarında 19.9 % artım qeydə alınıb.

Sözü gedən məsələ Rusiya mediasında da müzakirələrə səbəb olub. Xüsusən də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dekabrın 13-də baş nazir, İqtisadi İnkişaf Naziri, Kənd təsərrüfatı nazirinin də iştirakı ilə keçirdiyi müşavirə ölkədə qiymət artımına həsr olunub. O, qida məhsullarında qeydə alınan qiymət artımının qarşısının alınması üçün bir həftə ərzində zəruri addımlar atmağı tələb edib. İqtisadi məsələlərə həsr olunmuş toplantıda prezident makaron, şəkər və un kimi məhsullarda ciddi qiymət artımının yolverilməz olduğunu bildirib.

Rusiyanın İqtisadi İnkişaf nazirliyinin rəsmi saytında yerləşdirilmiş sənədə əsasən, artıq, Rusiyada növbəti il üçün qiymət artımının qarşısının alınması üçün tədbirlərə başlanılıb. Gələn il yanvarın 1-dən etibarən günəbaxan toxumunun ixrac rüsumu 30 %-ə qədər artırılacaq. Hazırda isə bu rüsum 6,5 % təşkil edir. Yeni ixrac rüsumunun gələn ilin sonuna qədər qüvvədə olması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi