Dünya Bankı Azərbaycanın aqrar sektorunda innovativ texnologiyaların tətbiqinə dair vəziyyəti araşdıracaq

Dünya Bankı Azərbaycanın aqrar sektorunda innovativ texnologiyaların tətbiqinə dair vəziyyəti araşdıracaq Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Dünya Bankının kənd təsərrüfatı üzrə tapşırıq qrupunun rəhbəri Bekzod Şamsiyev ilə görüşüb.
ASK
19 Dekabr , 2017 17:55
Dünya Bankı Azərbaycanın aqrar sektorunda innovativ texnologiyaların tətbiqinə dair vəziyyəti araşdıracaq

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Dünya Bankının kənd təsərrüfatı üzrə tapşırıq qrupunun rəhbəri Bekzod Şamsiyev ilə görüşüb.

“Report”a daxil olan məlumata görə, dörüşün məqsədi Cənubi Qafqaz ölkələrində Rəqəmsal və Mexanikləşdirilmiş Kənd Təsərrüfatı üzrə Regional Tədqiqatın başlanması ilə bağlı müzakirələrin aparılması olub.

Nazir müavini qonaqlara 2014-cü ildən aqrar sahədə həyata keçirilən köklü dəyişikliklər barədə geniş məlumat verib və Dünya Bankı tərəfindən ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirib, bu əlaqələrin davamlı olaraq inkişaf edəcəyinə əminliyini bildirib. O, Azərbaycanda kənd təsərrüfatının mexanikləşməsi və elektronlaşması istiqamətində əhəmiyyətli işlər görüldüyünü, artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin formalaşdığını, sistemin digər dövlət qurumlarının analoji sistemlərinə inteqrasiya edildiyini vurğulayıb.

S.Talıbov 2014-2017-ci illərdə kənd təsərrüfatı texnika parkının yenilənməsi, dünyanın ən inkişaf etmiş ölkələrindən ən müasir texnikaların alınaraq ölkəmizə gətirilməsi, bu sahədə elktron sistemin qurulmasını, bu dövrdə kənd təsərrüfatı üçün alınmış innovativ texnikanın əvvəlki 9 ildə alınan texnikanın 60%-ni təşkil etdiyni bildirib. O həmçinin ixracyönümlü sahələrin inkişafı ilə bağlı yeni texnikaların alınması işlərinin həyata keçirildiyini, taxılçılıq və pambıqçılıq üzrə texnika parkının yeniləndiyni diqqətə çatdırıb.

Nazir müavini onu da əlavə edib ki, 2014-cü ildən kənd təsərrüfatı texnikalarının elektron qeydiyyat sisteminin qurulmasına başlanıb, “Aqrolizinq” ASC-nin lizinq əməliyyatları elektron sistemə keçirilib. Həmçinin, Nazirliyin daha bir tabeli qurumu olan Dövlət Texniki Nəzarət Müfəttişliyi də fəaliyyətini elektronlaşdırıb. Gələcəkdə texnikaların peyk sistemi vasitəsilə izlənməsini tətbiq etmək bu qurumların atacaqları addımlar sırasındadır.

Sonra Dünya Bankının nümayəndəsi, kənd təsərrüfatı iqtisadı üzrə mütəxəssis Bekzod Şamsiyev Cənubi Qafqazda kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə bağlı tədqiqata başlamaq istədiklərini bildirib. Qonaq qeyd edib ki, 6 ay müddətində araşdırılan regionda mövzu ilə bağlı hazırkı vəziyyət, dünyada mövcud innovativ texnologiyalar və bu texnologiyaların araşdırılan ölkələrdə tətbiqi imkanları öyrəniləcək və tövsiyələr hazırlanacaq. Araşdırılacaq innovativ texnologiyalar xəstəliklərin monitorinqi, investisiya ehtiyaclarının öyrənilməsi, bazar imkanlarının asanlaşdırılması, təchizat zəncirinin təşkili, ekoloji qiymətləndirmə kimi bir neçə qrupu əhatə edəcək.

“Bu texnologiyalar dünyada yeni deyil. Sadəcə olaraq, getdikcə ucuzlaşır və daha əlçatan olur. Biz bu texnologiyalardan kənd təsərrüfatı məhsulları istehsalçılarının və onlara xidmət göstərənlərin faydalanmasına çalışacağıq,” - deyə Dünya Bankının nümayəndəsi diqqətə çatdırıb.

Ətraflı təqdimatına görə qonağa təşəkkür edən nazir müavini S.Talıbov Dünya Bankı nümayəndəsinin təklifinin “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş bir sıra hədəflərə uyğun olduğunu bildirib və nazirliyin araşdırmaya istənilən dəstəyi verməyə hazır olduğunu əlavə edib.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzrə görülmüş işlər barədə təqdimat edib. 

Son xəbərlər

Orphus sistemi