​DSNX: Azərbaycan kənd təsərrüfatında sığortanın genişlənməsi maliyyəyə çıxışı asanlaşdıracaq

​DSNX: Azərbaycan kənd təsərrüfatında sığortanın genişlənməsi maliyyəyə çıxışı asanlaşdıracaq IFC: Kənd təsərrüfatında iki ciddi risk - qiymət və hava riskləri var
ASK
26 Noyabr , 2015 13:43
​DSNX: Azərbaycan kənd təsərrüfatında sığortanın genişlənməsi maliyyəyə çıxışı asanlaşdıracaq

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatı sığortasının tətbiqinin genişlənməsi istehsalçıların maliyyə resurslarına çıxışını asanlaşdıracaq.

"Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov Bakıda yerli sığortaçılar üçün kənd təsərrüfatı sığortası sahəsində keçirilən təlimdə bildirib.

Xidmət rəisi bildirib ki, ÜDM-də aqrar sektorun payı az olsa da, Azərbaycanı aqrar ölkə hesab etmək olar: "Çünki ölkə əhalisinin təxminən 45%-i kənd yerində yaşayır. Ona görə də aqrar sahənin inkişafı ümumi inkişaf üçün böyük rol oynayır və bu sahə ÜDM-in artımı üçün potensial sahədir. Aqrar sektorun inkişafı ilə sosial problemlərin, işsizliyin aradan qaldırılması mümkün ola bilər".

"Həmçinin aqrar sektorun inkişafı ərzaq təhlükəsizliyini təmin edən sahədir. Beynəlxalq təcrübə göstərir ki, aqrar sahənin dayanıqlı inkişafı üçün müəyyən maliyyə mexanizmləri lazımdır. Kənd təsərrüfatı istehsalçılarının maliyyə mənfəətini qoruya biləcək mexanizm də sığortadır. Hazırda ölkədə bu sahə kifayət qədər inkişaf etməyib. Bunun üçün müəyyən infrastruktur, statistik məlumatlar olmalı, risklilik dərəcəsi müəyyən edilməli, sığorta ekspertləri hazırlanmalıdır. Əsas məqsədimiz kənd təsərrüfatı sığortasının inkişafı üçün beynəlxalq təcrübəni öyrənib Azərbaycanda tətbiqidir. Sonrakı mərhələdə isə kənd təsərrüfatı istehsalçıları arasında bu sığorta üzrə maarifləndirmə aparmaqdır", - deyə DSNX başçısı qeyd edib.

Tədbirdə iştirak edən IFC-nin Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimova bildirib ki, hazırda ölkədə aqrar sahə işçi qüvvəsinin 38%-ni,ÜDM-in isə 5,3%-ni təşkil edir: "Kənd təsərrüfatının inkişafı olduqca önəmlidir və 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunub. Bu sahənin inkişafı üçün maliyyələşmə vacib rol oynayır. Lakin bu sahədə iki ciddi risk - qiymət və hava riskləri var. Maliyyə təşkilatlarının həmin riskləri anlamaması onları bu sektora ehtiyatlı yanaşmağa vadar edir. Ona görə də, kənd təsərrüfatı sığortası məliyyələşdirməni asanlaşdıra bilər".

"Həmçinin, bu, sığorta şirkətləri üçün əlavə mənfəət qazandıra bilər. Hazırda dünyada fermerlər sığortanı kreditə çıxış imkanı verən alət hesab edirlər. Kənd təsərrüfarı sığortası istehsalçıların maliyyələşməsini artıra bilər", - deyə A.Əzimova bildirib.

Kənd Təsərrüfatı Nazirliyi maliyyə və mühasibat uçotu şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov isə qeyd edib ki, artıq elektron kənd təsərrüfatı məlumat sisteminin yaradılmasına başlanılıb. O qeyd edib ki, bu sistemin yaradılması üçün 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə 4,8 mln. manat ayrılıb.

Nazirlik rəsmisi, həmçinin ölkədə kənd təsərrüfatı sığortası sisteminin stimullaşdırılması haqqında qanundan irəli gələrək məhsul istehsalının sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir: "2007-2015-ci illərdə bunun üçün dövlət büdcəsindən 7,5 mln. manat ayrılıb. Lakin bu məbləğin hər il ancaq 40-60 min manatından istifadə olunub. Bu da fermer və sığortaçıların bu sahəyə marağının az olması ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi