Dövlət Fitosanitar Nəzarəti Xidməti Ağcabədidə regional müşavirə keçirib

Dövlət Fitosanitar Nəzarəti Xidməti Ağcabədidə regional müşavirə keçirib Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) Ağcabədi şəhərində “Aran iqtisadi rayonunda fitosanitar vəziyyət, pambıq əkinlərində alaq otları əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirib.
ASK
4 Aprel , 2018 16:26
Dövlət Fitosanitar Nəzarəti Xidməti Ağcabədidə regional müşavirə keçirib

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) Ağcabədi şəhərində “Aran iqtisadi rayonunda fitosanitar vəziyyət, pambıq əkinlərində alaq otları əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirib.

Bu barədə "Report"a qurumdan bildirilib. 

Məlumata görə, müşavirədə DFNX-nin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, rayonlararası bioloji laboratoriyaların, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin nümayəndələri, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Füzuli, Samux və Tər-Tər rayonlarından olan torpaq mülkiyyətçiləri və fermerlər, ümumilikdə, 350 nəfər iştirak edib.

Müşavirənin keçirilməsində əsas məqsəd respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, pambıqçılığın başlıca problemlərindən olan zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirləri sisteminə keçidin zamanın tələbi olmasını və fitosanitar sabitliyin qorunub saxlanılmasından, eyni zamanda pestisidlərdən və kimyəvi dərmanlardan kortəbii istifadə zamanı bitki aləminə və ətraf mühitə vurulan zərbənin qarışısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən ibarət olub.

“Bölgədə fitosanitar vəziyyətin təhlili və pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda çıxış edən DFNX-nin rəis müavini Yaqub Cəfərov ölkədə pambıqçılığın inkişafı etdirilməsi istiqamətində görülən tədbirlərin, pambıq sahələrində əsas zərərli orqanizmlərə qarşı aparılan mübarizə tədbirlərinin əhəmiyyəti barədə məlumat verib. Onun sözlərinə görə, son illər zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində pestisidlərdən normadan artıq və növbələşmədən istifadə, eyni tərkibli pestisidin davamlı tətbiqi, hektara düşən məsarif normasının düzgün nizamlanmaması, işçi məhlul hazırlanarkən suyun PH-ına diqqət verilməməsi və s. səbəblərdən zərəli orqanizmlərdə pestisidlərə qarşı yüksək davamlılıq yaranması halları müşahidə edilir.

Dövlət Xidmətinin rəis müavini qeyd edib ki, bu səbəbdən də pambıq sovkasına qarşı təklif edilən pestisidlərin növbələşməsini təmin etmək və antirezident mübarizə sxemini tətbiq etmək məqsədilə fermerlər yeni nəsil preparatlardan istifadə etməyə üstünlük verməlidirlər: “Pestisidlərin tətbiqi zamanı çiləyici aqreqatlarla işləyən mexanizatorların davamlı təlimatlandırılması, işçi məhlulun bir hektar sahəyə düzgün tətbiqi, bitkilərin vegetasiya müddətindən asılı olaraq işçi məhlulun məsarif normasının artırılması, bitki örtüyünün tamamilə pestisidlərlə isladılması kimi məsələlərin həlli vacibdir. Eyni zamanda pestisidlərin tətbiqi zamanı hava-iqlim şəraitinin izlənilməsi, günün müəyyən vaxtlarında pestisidlərin istifadəsinin dayandırılması diqqətdə saxlanılmalıdır”.

“Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov əsas diqqəti kimyəvi mübarizə zamanı texniki qaydalara əməl olunmasının vacibliyinə yönəldib. O bildirib ki, kimyəvi mübarizə tədbirləri zamanı qarşıda bir neçə əsas vəzifə dayanır: “Bunlar pestisidlərin tətbiqi zamanı yol verilən səhvlərin aradan qaldırılması, pestisidlərin preparativ formasını nəzərə almaqla,işçi məhlulun hazırlanması, çiləmənin düzgün aparılması, çiləyici aqreqatlarla işçi məhlulun 1 hektar sahəyə düzgün və norma daxilində tətbiq edilməsi, çiləyici aqreqatların nizamlanması (kalibrovkası) kimi məsələlər yer alır. Kimyəvi mübarizə tədbirləri zamanı işlək məhlulun hazırlanması üçün istifadə olunan suyun tərkibinin (PH mühitinin tənzimlənməsi), istifadə olunan pestisidlərdən yüksək bioloji səmərəlilik almaq məqsədilə qarşıda duran problemlərin həlli vacib məsələdir və bu istiqamətdə ciddi tədbirlər görülməlidir”.

Tədbirin sonunda torpaq mülkiyyətçilərinə və fermerlərə pambıq sahələrində zərərvericilərə qarşı mübarizə üsullarını açıqlayan bukletlər paylanılıb.

Son xəbərlər

Orphus sistemi