Almaniyanın “Deutsche Bahn” dəmir yolu konserninin törəmə şirkəti olan “DB Cargo” şirkəti hökumət ilə koordinasiyada Ukraynaya taxıl ixracına daha çox dəstək verməyi planlaşdırır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu “DB Cargo”nun rəhbəri Ziqrid Nikutta deyib.
O, Almaniyanın “RedaktionsNetzwerk Deutschland (RND) media qrupuna müsahibəsində bildirib ki, dünyanın bəzi yerlərində aclıq təhlükəsini və milyonlarla ton Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına böyük ehtiyac duyulduğunu nəzərə alaraq, “DB Cargo” federal hökumətlə razılaşdıraraq gələcək sifarişləri və dəmir yolu ilə daşımaları təşkil edəcək.
Onun sözlərinə görə, hazırda söhbət kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsindən gedir: “Məqsəd Şimal, Qara və Aralıq dənizlərindəki dəniz limanları ilə dayanıqlı əlaqəni təşkil etməkdir”.