Deputat: "Mexanizatorların hazırlanması ilə bağlı problemlər var"
- 18 sentyabr, 2026
- 12:38
Azərbaycanda kənd təsərrüfatı texnikalarını idarə edən şəxslərin - mexanizatorların hazırlanması ilə bağlı təhsil müəssisələrinin sayı artırılmalıdır.
"Report" xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Biz məktəbdə oxuyanda, 9-10-cu siniflərdə məktəblərdə mexanizasiya dərsləri keçirilirdi. Yuxarı sinif şagirdləri mexanizator peşəsinə yiyələnirdilər. Məktəbi bitirəndə attestatla yanaşı, şagirdlərə mexanizator vəsiqəsi də verilirdi. Bu gün isə nə məktəblərdə mexanizasiya dərsləri keçirilir, nə də rayonlarda mexanizator hazırlayan kifayət qədər təhsil müəssisəsi var. Bu da kənd təsərrüfatı texnikalarının idarə olunmasında çətinlik yaradır. Yəni bu gün aqrar texnikanın sayı o illərdəkindən az deyil, əksinə çoxdur. Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda həm aqroservisləri, həm də inkişaf mərkəzləri var. Onlar da bu cür kurslar təşkil edə bilərlər", - deyə o qeyd edib.
Deputatın dediklərinə münasibət bildirən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova isə qeyd edib ki, qurum mexanizatorların hazırlanması ilə bağlı əlavə tədbirlər görəcək:
"Hazırda mexanizatorların hazırlanmasını özəl sektor həyata keçirir. Bəli, Sovet vaxtı bunu məktəblərdə təşkil edirdilər. Nazirlik yalnız sənədləşmə ilə məşğuldur, sürücülük vəsiqəsi verir. Amma bu, bizim də gündəliyimizdədir. Azər müəllim haqlı irad tutur. Mexanizatorların yetişdirilməsi bizim üçün vacibdir ki, mütəxəssis çatışmazlığı olmasın. Dolayısıyla, biz də orada əlavə tədbirlər nəzərdə tuturuq".