“Deloitte”: "Azərbaycanda kənd təsərrüfatının ÜDM-dəki payı 6,7 %-ə yüksələcək"

ASK
  • 29 mart, 2022
  • 12:19
“Deloitte”: Azərbaycanda kənd təsərrüfatının ÜDM-dəki payı 6,7 %-ə yüksələcək

Bu ilin sonuna Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda ümumi daxili məhsul (ÜDM) istehsalı həcminin 7,28 milyard manata çatması gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “Deloitte” şirkətinin "Azərbaycanda biznes perspektivləri" hesabatında bildirilib.

Sənədə əsasən, 2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunun ÜDM-dəki payının 6,7 % təşkil edəcəyi gözlənilir: “Bu sektor üzrə ÜDM artımı 2010-cu ildən ardıcıl olaraq artıb. Sektorun ÜDM-dəki payı 2021-2023-cü illərdə də ardıcıl olaraq artacaq və 2023-cü ildə ÜDM-in 6,8 %-ni təşkil edəcək” .

“Deloitte”un hesablamalarına görə, 2023-cü ildə Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda ÜDM istehsalı 7,59 milyard manata çatması gözlənilir.

Xatırladaq ki, ötən il Azərbaycanda 9 163,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da, illik müqayisədə 3,4 % çoxdur. Hesabat dövründə Azərbaycan iqtisadiyyatında əlavə dəyər istehsalının 5,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunun payına düşüb.