DBNX: Rusiyada yayılan qara yara xəstəliyi ilə bağlı Azərbaycanda narahatlıq yoxdur

DBNX: Rusiyada yayılan qara yara xəstəliyi ilə bağlı Azərbaycanda narahatlıq yoxdur Qazaxıstan Rusiyadan heyvan əti mənşəli və iribuynuzlu heyvan məhsullarının idxalına qadağa qoyub
ASK
4 Avqust , 2016 13:13
DBNX: Rusiyada yayılan qara yara xəstəliyi ilə bağlı Azərbaycanda narahatlıq yoxdur

Bakı. 4 avqust. REPORT.AZ/ Bu il Azərbaycanda iri və xırdabuynuzlu heyvanlar arasında qara yara və nodulyar dermatit xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Hazırda ölkədə epizootik vəziyyət sabitdir. Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyanın şərq hissəsində iribuynuzlu heyvanlar arasında qara yara və nodulyar dermatit xəstəliyinin olması barədə DBNX-ya məlumat daxil olub.

"Bizə hər həftə Beynəlxalq Epizootik Büro, eləcə də qonşu dövlətlərdən müvafiq məlumatlar daxil olur. Azərbaycanda hazırda Rusiyada iribuynuzlu heyvanlar arasında müşahidə edilən qara yara və nodulyar dermatit xəstəliyi ilə bağlı narahatlıq doğuran məqam yoxdur. Nodulyar dermatitlə bağlı ilk öncə aprel, daha sonra isə iyul ayında peyvəndləmə işlərini həyata keçirmişik. Növbəti dəfə bu proses payızda icra ediləcək. Həmçinin, digər iti yoluxucu xəstəliklərə görə də epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur", - deyə o, əlavə edib.

Qeyd edək ki, Rusiyanın xüsusən 6 regionunda - Həştərxan vilayəti, Krasnodar və Stavrapol diyarı, Kalmıkiya, İnquşetiya, Dağıstanda nodulyar dermatit, Yamalda isə qara yara xəstəliyi qeydə alınıb. Bundan əvvəl Rusiya KİV-in verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi Yamala 200-dən artıq hərbçi, 19 ədəd xüsusi texnika, səyyar laboratoriya, dörd ədəd "Mi-8" vertolyotu, pilotsuz uçan aparatlar yollayıb.

Artıq bu hadisə ilə bağlı Qazaxıstan Rusiyadan heyvan əti mənşəli və iribuynuzlu heyvan məhsullarının ölkəyə idxalına müvəqqəti qadağa qoyub. 

Son xəbərlər

Orphus sistemi