Yuxarı

DBNX: ​Azərbaycanda dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir

Baytarlıq Xidməti: Azərbaycanda iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb

Bakı. 21 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bir sıra KİV-də Quba rayonunun dağlıq Buduq kəndində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması və heyvanlar arasında tələfatın olması barədə yayılan məlumatlarla bağlı rəsmi açıqlama yayıb.

“Report” Nəzarət Xidmətinə istinadən xəbər verir ki, bu il ərzində Azərbaycanda iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb, hazırda epizootik vəziyyət sabitdir və bu sabitliyə nəzarət olunur.

Məlumatda qeyd edilib ki, KİV vasitələrində yayılan məlumatla əlaqədar DBNX-nin mütəxəssisləri Buduq kəndinə ezam olunub, orada araşdırmalar aparılıb, təxminən 5 gün öncə ölən 1 baş iribuynuzlu heyvan baytarlıq-sanitariya qaydalarına uyğun olaraq zərərsizləşdirilib və 3 baş xəstəliyə şübhəli iribuynuzlu heyvandan nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına müayinə olunmaq üçün gətirilib. Müayinələrin nəticələri barədə əlavə məlumat veriləcək.

Kənddə xəstəliyə şübhəli olan həmin 3 baş iribuynuzlu heyvan dərhal müalicəyə cəlb edilib, digər heyvanlar arasında müvafiq müalicə-profilaktika işləri həyata keçirilib. Hazırda heyvanlar arasında heç bir ölüm halı yoxdur.

Azərbaycanın bütün regionlarında olduğu kimi, Buduq kəndində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Aparılan tədbirlər çərçivəsində kənd sakinləri ilə baytarlıq mütəxəssislərinin görüşləri də keçirilib və əhali arasında maarifləndirmə işi aparılıb.

Əhali və heyvan sahiblərinə müraciət edən DBNX heyvanlarda hər hansı bir narahatçılıq aşkar olunduğu halda vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də Nəzarəti Xidmətinin “Qaynar xətt”inə (tel: 012-562-76-13) müraciət etmələrini xahiş edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi