Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə keçirdiyi növbəti Aqrar Biznes Festivalı Daşkəsən şəhərində baş tutub.
"Report"un Qərb bürosunun məlumatına görə, festivalda ətraf rayonlardan olan fermerlər də iştirak ediblər.
Tədbirdə iştirak edən dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimə dost texnika və texnologiyalar və onlardan istifadə qaydaları barədə məlumat verilib.
Müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyalarını festival iştirakçıları böyük maraqla qarşılayıb.
Festivalda həmçinin alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və məhsulları sərgilənib.
Festival çərçivəsində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş olunub.
Həmçinin festival çərçivəsində fermerlərə aqrar sahənin prioritet istiqamətlərinə uyğun olaraq Aqrar Xidmətlər Agentliyi “Bitki xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə üsulları mövzusunda” təlim də keçirib.
Aqrar Biznes Festivalı sahibkarlarla fermerləri bir araya gətirən, maarifləndirmə prosesinə mühüm töhfə verən platformadır. Festival çərçivəsində aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirilib, maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılıb. Aqrar təyinatlı kreditlər, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı fermerlərə ətraflı məlumatlar təqdim edilib.