Cəlilabad rayonunda bu il ilk dəfə olaraq rekord həddə paxlalı bitkilər əkilib.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonda ilk dəfədir noxud sahələri 2 dəfəyədək artırılıb.
Hər il 3 min hektara yaxın əkilən noxud sahələri bu il 6 min hektara çatdırılıb.
Fermerlərin sözlərinə görə, ötən il bir kiloqramlıq məhsulun satış qiyməti 2,5 manat olub.
Builki gözləntilərinin də böyük olduğunu söyləyən sahibkarlar amma suvarma ilə bağlı problemlə üzləşdiklərini bildiriblər.
Onlar deyir ki, sahələrin yetərincə suvarılmaması məhsulun yetişməsi prosesini xeyli ləngidir. Fermerlər əkilən məhsulların vaxtında suvarılması üçün isə ərazidə subartezian və artezian quyularına ehtiyacın yarandığını bildiriblər.
Məsələ ilə bağlı Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, mövcud problemlərin aradan qaldırılması üçün subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismar qaydalarının hazırlanaraq təsdiq edilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, bu il rayon ərazisində 7 subartezian quyusunun qazılması üçün vəsait ayrılıb.