Cəlilabadda kartof yığımı başlayıb

ASK
  • 08 iyun, 2022
  • 13:53
Cəlilabadda kartof yığımı başlayıb

Cəlilabadda kartof yığımı başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, sahələrdə məhsul bol olsa da qiymətlər yüksək olaraq qalır.

Fermerlərin sözlərinə görə, bu il sahələrdə məhsul boldur: "Qiymətdə yüksəkdir, ötən il sahədən 40-50 qəpiyə satılan məhsulun qiyməti indi 80-90 qəpik arasında dəyişir".

Məhsulun bol olması fermerlərin üzünü güldürsədə, alıcıları qiymətlər narahat edir.

Alıcıların verdiyi məlumata görə, ötən illə müqayisədə bu il qiymətlər yüksəkdir:

"Kartofun hal-hazırda marketlərdə 1 kq-nın qiyməti 1.20 qəpiyə satılır. Halbuki, belə məhsul bolluğu ilə qiymət enməli idi. Müqayisə üçün bildirək ki, xarici ölkələrdən gətirilən kartofun 1 kq-nın qiyməti 1-1.10 qəpik arasında dəyişir".

Qiymətin belə baha olmasını mütəxəssislər xarici bazarlarla əlaqələndirirlər. Belə ki, Rusiya və Ukrayna bazarlarında hazırda bu məhsula tələbat yüksəkdir.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də rayona toxumluq kartof Rusiyadan gətirilib. Ötən il Cəlilabad rayonunda 5320 hektar sahədən 140 min 660 ton kartof istehsal olunub. Hər hektardan götürülən məhsuldarlıq 264 sentner təşkil edib. Rayonda tədarük edilən kartofun 43 min 820 tonu xarici ölkələrə ixrac olunub. Bu il rayonda 5 min 400 hektar sahədə kartof əkilib, hazırda məhsul yığımı aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti