Bu ilin ilk 4 ayında Azərbaycanda nodulyar dermatit xəstəliyinə qarşı 1,6 mln. baş iribuynuzlu heyvanda peyvəndləmə aparılıb
- 23 may, 2018
- 12:57
Bakı. 23 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi epizootik tədbirlər planına uyğun olaraq, ölkə ərazisində iti yoluxucu xəstəliklərə, o cümlədən iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
"Report" xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, 2018-ci ilin 4 ayı ərzində nodulyar dermatit xəstəliyinə qarşı 1 592 054 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirin iyunun sonunda yekunlaşması nəzərdə tutulur.
Respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dematit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.
Nodulyar dermatit xəstəliyinin profilaktikası, diaqnostikası və ləğvi Nazirlər Kabinetinin 22 yanvar 2015-ci il tarixli qərarı ilə 7 mart 2006-cı il tarixli qərara edilmiş əlavəyə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilir.