Bu il Cəlilabad rayonunda çiyələk yeni hidropon üsulu ilə, yəni torpaqsız mühitdə yetişdirilib.
Bu barədə "Report"un Muğan bürosuna bir qrup fermer məlumat verib.
Onların sözlərinə görə, bu üsulla məhsulu həm keyfiyyətli, həm də təmiz və toz–torpaqsız əldə etmək mümkün olur. Fermerlər bildirib ki, bu üsul məhsulun tez yetişib satışa çıxarılması üçün də xüsusi əhəmiyyətə malikdir.
Məlumata görə, daxili bazara olan tələbat ödənildikdən sonra məhsul Rusiya, Qazaxıstan və digər qonşu ölkələrə, eləcə də bu ildən ilk dəfə olaraq ərəb dövlətlərinə ixrac olunur.
İstixana üsulu ilə yetişdirilən məhsulun yüksək tipli texnologiya ilə təmin olunduğunu söyləyən fermerlər qeyd edib ki, əvvəllər suvarma və gübrələmə zamanı əl əməyindən istifadə olunurdusa, artıq bu işləri müvafiq cihazlar əvəz edir:
"Əl əməyi ilə istifadə olunanda suvarma zamanı bəzi borulardan sızmalar olurdu. Amma indi bu cür xoşagəlməz hadisələr baş vermir. Bu da meyvələrin düzgün şəkildə böyüməsi və qidalanmasını təmin edir. Meyvələr daha iri və daha gözəl yetişir".
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un yerli bürosuna verilən məlumata görə, bu il rayonda 505 hektar sahədə çiyələk əkilib: "Bu günə qədər rayonda açıq və örtülü sahələrdən 2 min tondan artıq çiyələk məhsulu ixrac olunaraq Rusiya bazarlarına, habelə digər qonşu ölkələrə, qismən Qazaxıstan və Dubaya ixrac edilib".
Məlumat üçün bildirək ki, Cəlilabadda çiyələk təsərrüfatı ilə 3000-dən artıq fermer məşğul olur. Hazırda sortlardan və keyfiyyətdən asılı olaraq, qiymət 2-2,5 manat civarında dəyişir. Mayın 20-də rayonda II çiyələk festivalı keçiriləcək.
Qeyd edək ki, hidropon üsulu torpaqsız və ya suda becərmə, torpaq olmadan qidalı su ilə bitkinin becərilməsi üsuludur. Əkin substratı kimi qum, torf, perlit, qaya yunu və ya gildən istifadə olunur. Son illər ölkəmizdə becərmədə hidropon üsluna maraq artıb. Bu becərmə üsulu ilə yaradılmış istixanaların sayı artmaqdadır. Hidroponika sistemində yetişdirilən bitkilər optimal səviyyədə qida və nəmliklə təmin olunurlar. Bu səbəbdən də daha tez və sağlam böyüyürlər. Torpağın olmaması alaqların, həşəratların və xəstəliklərin qarşısını alır.