BQXK: "Cəbhəyanı bölgələrdə yaşayan fermerlər təhlükəsizlik şəraitində çalışacaqlar"

BQXK: "Cəbhəyanı bölgələrdə yaşayan fermerlər təhlükəsizlik şəraitində çalışacaqlar" Yelena Aymone Sessera: "Fermerlər sahələrdə işləyən zaman atəşkəsə əməl olunması istiqamətində razılıq əldə olunub"
ASK
23 İyun , 2016 20:50
BQXK: Cəbhəyanı bölgələrdə yaşayan fermerlər təhlükəsizlik şəraitində çalışacaqlar

Bakı. 23 iyun.REPORT.AZ/ Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Yelena Aymone Sesseranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, görüşün məqsədi Bəynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycanın cəbhəyanı ərazilərində fermerlərə göstərdiyi dəstək və həyata keçirdiyi tədbirlər barədə müzakirələrin aparılması olub.

İ.Quliyev Azərbaycanın tarixən aqrar ölkə olduğunu vurğulayıb, son dövrlərdə ölkədə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verib və Azərbaycanın doqquz iqlim qurşağı olan coğrafi məkanda yerləşdiyini, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətli olduğunu nəzərə çatdırıb.

Nazir müavini Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 1 milyondan çox qaçqın və köçkünün olmasına baxmayaraq, ölkə rəhbərliyinin qayğısı nəticəsində ölkənin kənd təsərrüfatı sahəsində son 3 ildə böyük uğurlar əldə etdiyini diqqətə çatdırıb. 

O bildirib ki, cəbhəyanı ərazilərdə, xüsusən Ağdam və Tərtər rayonlarında yaşayan kəndlər erməni işğalçılarının intensiv atəşinə məruz qalır, kənd təsərrüfatı texnikaları, kombayn və traktorlar minaya düşür, sıradan çıxır, insanlar təşviş altında yaşayır və öz torpaq sahələrində aqrotexniki tədbirlərin aparılmasında çətinlik çəkirlər. Ermənilər işğal altında saxladıqları torpaq sahələrində lokal yanğınlar törədir, yerli əhalini gülləbaran edərək öz məhsullarını yığmasına mane olurlar. Nazir müavini yaxın aylarda ermənilərin Tərtər rayonunun cəbhəyanı ərazilərində fosfor silahından istifadə etdiyini, nəticədə partlayıcı maddənin təsirinin 40 hektar sahəni əhatə etdiyini diqqətə çatdırıb: "Hazırda həmin sahələrdə yetişdirilmiş məhsulun insan orqanizminə nə dərəcədə zərərli olduğunu müəyyənləşdirmək üçün nazirliyin müvafiq laboratoriyalarında müayinələr aparılır."

İ.Quliyev BQXK-nın Kənd Təsərrüfatı Nazirliyinin rayonlardakı Kənd Təsərrüfatı İdarələri ilə birgə fəaliyyət göstərməsini məqsədəuyğun hesab edib.

Y.A.Sessera cəbhə xəttində yerləşən kənd icmalarının təhlükəsiz şəraitdə kənd təsərrüfatı sahəsi ilə məşğul olması və onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hər iki tərəfin hakimiyyət orqanları ilə danışıqlar aparıldığını, cəbhəyanı bölgələrdə yaşayan fermerlərin öz sahələrində işləyən zaman atəşkəsə əməl olunması istiqamətində müəyyən razılıq əldə olunduğunu deyib. 

O söyləyib ki, fermerlər məhsul toplanması zamanı ciddi itkilərə məruz qalır və BQXK bununla bağlı onlara maddi yardım göstərməyi qərar verib: "Cəbhəyanı bölgələrdə 2000 təsərrüfata münaqişənin gedişində ciddi ziyan dəyib və onların bu ziyanı araşdırılaraq kömək göstərmək məqsədi ilə qiymətləndirmə aparılıb."

Y.A.Sessera cəbhəyanı bölgələrdə yaşayan fermerlərə hərtərəfli kömək göstərilməsi istiqamətində səyini əsirgəməyəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi