Bolqarıstan şərabçıları Azərbaycana səfər ediblər

Bolqarıstan şərabçıları Azərbaycana səfər ediblər Sofiya. 22 mart.REPORT.AZ/ Bolqarıstanın Şərab Mütəxəssisləri Birliyinin üzvləri, şərab və spirtli içkilər sahəsində ixtisaslaşan iş adamları və mütəxəssislərdən ibarət qrup Azərbaycana səfər ediblər.
ASK
369
22 Mart , 2018 16:54
Bolqarıstan şərabçıları Azərbaycana səfər ediblər

Sofiya. 22 mart.REPORT.AZ/ Bolqarıstanın Şərab Mütəxəssisləri Birliyinin üzvləri, şərab və spirtli içkilər sahəsində ixtisaslaşan iş adamları və mütəxəssislərdən ibarət qrup Azərbaycana səfər ediblər.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, iki ölkə arasında şərabçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyan səfər zamanı qonaqlar Bakı, Abşeron, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə, Tovuz, Göygöl, Şəmkir və Ağsuda olublar.

Bolqarıstanlı mütəxəssislər “Tovuz Baltiya” LTD, “Gəncə Şərab2”, “Aqro-Azərinvest” MMC və “İsmayilli Sharab-2” ASC şirkətləri daxil olmaqla 8 spirtli içki və şərab istehsal edən zavod və onlara məxsus üzüm sahələrilə tanış olub, həmin zavodların müxtəlif məhsullarını dequstasiya ediblər.

Bununla yanaşı nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu və Tovuz Rayon İcra Hakimiyyətində bir sıra görüşlər keçiriblər. Görüşlər zamanı onlara ölkənin şərabçılıq ənənələri, hazırkı potensial, əməkdaşlıq imkanları və beynəlxalq müsabiqələrlə iştirak barədə ətraflı məlumat verilib. Tovuza səfər zamanı qonaqlar “Tovuz Baltiya” LTD şirkətinin zavodunu gəziblər, burda istehsal olunan məhsulların dequstasiyası həyata keçiriblər.

Şərabçılıq turu çərçivəsində bolqar mütəxəssisləri Bakı və regionlarda Azərbaycanın görməli yerləri və tarixi abidələrini ziyarət ediblər. Ölkənin multikulturalizm mərkəzi olduğunu nümayiş etdirmək üçün qrup iştirakçılarının İsmayıllı rayonunda yerləşən və molokanların sıx məskunlaşdığı İvanovka kəndinə də səyahəti təşkil edilib, Gəncə və Şəmkir şəhərlərində 200 il öncə salınmış alman məskənləri ilə tanışlıq həyata keçirilib.

Qeyd edək ki, bolqarıstanlı şərabçıların səfəri Azərbaycanın şərabçılıq sahəsində mövcud təcrübə, ənənə və nailiyyətlərinin Bolqarıstanda tanıdılması, Bolqarıstandan ixtisaslaşmış şərabçılıq turizmi sahəsində turistlərin ölkəmizə cəlb edilməsi baxımından əhəmiyyət daşıyır. Bir həftəlik səfər Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bolqarıstanın Şərab Mütəxəssisləri Birliyinin dəstəyi və “helloAzerbaijan” şirkətinin təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi