Yuxarı
    Bağlamaq

    Bölgələrdə barama tədarükünə başlanılıb

    Bu ildə ölkə üzrə 250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyi proqnozlaşdırılır

    Bakı.1 iyun. REPOR.AZ/ Azərbaycanda bir sıra rayonlarda (Ağcabədi, Ağdam, Ağsu, Sabirabad, Zərdab, Bərdə və s.) yaş barama məhsulunun tədarükünə başlanılıb. 

    Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, “Şəki İpək” ASC-dən alınmış operativ məlumatlara əsasən, 31 may tarixinə müəssisə tərəfindən respublikanın 8 rayonundan 8,5 tona yaxın yaş barama məhsulu qəbul edilib və hazırda bu proses davam edir.

    Nazirlik Çindən 1,5 mln. ədəd calaq edilmiş tut tingləri tədarük edib. Əvvəlcədən tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılıb və bu rayonların ərazilərində nazirlik tərəfindən respublikaya dəvət edilmiş çinli mütəxəssislərinin nəzarəti altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilib. Yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100% səviyyəsində çıxış əldə edilib və hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir.

    Bundan başqa, ölkədə barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı nazirlik tender müqaviləsi əsasında Çindən 6 000 qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. İpəkqurdu toxumlarından 99-100% səviyyəsində yüksəkkeyfiyyətli barama qurdları əldə edilib və respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3 013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin edilib.

    Nazirlik və onun yerli təşkilatlarının mütəxəssislərinin rəyinə əsasən, bu ildə ölkə üzrə 250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyi proqnozlaşdırılır. Bu nazirlik qarşısında barama istehsalı ilə bağlı müəyyən edilmiş hədəflərdən təxminən 2 dəfə çoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi