FAO rəsmisi: "Həmişə Azərbaycan hökumətinin yanındayıq"

FAO rəsmisi: "Həmişə Azərbaycan hökumətinin yanındayıq" BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ölkədə aqrar sektorun inkişafında hər zaman Azərbaycan hökumətinin yanındadır və dəstək göstərməyə davam edir.
ASK
31 Yanvar , 2023 11:17
FAO rəsmisi: Həmişə Azərbaycan hökumətinin yanındayıq

BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ölkədə aqrar sektorun inkişafında hər zaman Azərbaycan hökumətinin yanındadır və dəstək göstərməyə davam edir.

"Report" xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev qurumun və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunmuş Milli Forumda bildirib.

"Sözügedən fəaliyyətlər müxtəlif çərçivədə həyata keçirilir. Bunlardan biri olan FAO- Azərbaycan Tərəfdaşlıq Proqramını qeyd etmək istəyirəm. Birbaşa hökumətin vəsaiti ilə son beş ildə 9-a yaxın layihə icra edirik. Hazırda həmin Tərəfdaşlıq Proqramının II Fazasının danışıqları aparılır, ümid edirik ki, uğurlu əməkdaşlığımız davam edəcək. II faza üzrə texniki səviyyədə iş aparılır və bu il işlərin yekunlaşması gözlənilir", - deyə o qeyd edib.

Xatırladaq ki, layihə çərçivəsində Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi üzrə dövlət siyasətinə dəstək, beşillik strategiya, pilot seçilmiş Quba-Xaçmaz və Gəncə-Qazax regionları üzrə üçillik proqramlar, hüquqi bazanın yaradılması, regionların aqrar xəritələşməsi və digər sahələr üzrə fəaliyyət həyata keçirib. Bununla yanaşı, yeni aqrar məsləhət xidməti modeli çərçivəsində bu xidməti əlçatan edən əmtəə əsaslı məsləhət platformaları təşkil olunub. Bundan başqa, Aqrar Təlim Mərkəzinin və Regional Təlim Mərkəzlərinin əməkdaşlarına təlim keçirilib, fermerlərə məsləhət xidmətləri göstərilib, onlar müasir avadanlıq və suvarma sistemləri ilə təmin olunub. Layihənin icrasında bir sıra dəyişikliklər gözlənilir. Dayanıqlı aqrar məsləhət xidməti üçün iştirakçılıq qaydasında beşillik strategiya və təsiri birgə icra çərçivəsi işlənib hazrlanacaq və istifadəyə veriləcək. Kənd təsərrüfatında və kənd yerlərində innovasiyalar aqrar məsləhət xidmətləri tərəfindən regional və icma səviyyəsində effektli şəkildə dəstəklənəcək. Kənd təsərrüfatında, o cümlədən dövlət və özəl sektorlar arasında məsləhət xidmətlərinin göstərilməsi üçün əməkdaşlıq şəbəkələri işlənib hazırlanacaq, qrup fəaliyyəti və tərəfdaşlıq yanaşmaları təkmilləşdiriləcək. Fermerlərin ehtiyaclarını və hökumət prioritetlərini daha yaxşı əks etdirən, habelə təsərrüfat gəlirlərinin artırılması və təbii mühitin qorunması üçün müsbət və ölçülə bilən nəticələr yaradan informasiya texnologiyaları, rəqəmsal telekommunikasiya vasitələri daxil olmaqla, təkmilləşdirilmiş məhsul və xidmətlərin fermerlərə çatdırılması üzrə proqram həyata keçiriləcək.

Ümumiyyətlə isə Azərbaycan hökuməti FAO ilə birlikdə 60-dan çox layihə reallaşdırıb. Bu layihələr hesabına bölgələrdə kənd təsərrüfatı mühiti, o cümlədən qida təhlükəsizliyi yaxşılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi