BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə çıxış edən Muhammad Nasar Hayat bildirib ki, Azərbaycan FAO-nun ən önəmli tərəfdaşlarından biridir və bu əməkdaşlığı inkişaf etdirmək istiqamətində çox səmərəli işlər görülür. Kənd təsərrüfatı məhsulları istehsalı baxımından Azərbaycanın ən cəlbedici bölgələrindən biri olan Naxçıvan Muxtar Respublikasını xüsusilə qeyd etmək lazımdır.
FAO Azərbaycan ofisi muxtar respublikada kənd təsərrüfatı korperativlərinin yaradılmasında, gənc və qadın fermerlərin təşəbbüslərinin dəstəklənməsi məqsədilə burada bir sıra layihələr həyata keçirməyi planlaşdırır, bu layihələrin digər regionlarımızda keçirilən layihələr kimi uğurlu olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyevin qonaqlara Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin salamlarını çatdırıb və onları Naxçıvanda görməkdən böyük məmnunluq duyduğunu bildirib. Qeyd olunub ki, FAO böyük təşkilatdır. Onun dünyada, həmçinin Azərbaycanda həyata keçirdiyi layihələr hər zaman uğurla nəticələnib. FAO Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir.
Diqqətə çatdırılıb ki, bu gün Naxçıvanda kənd təsərrüfatı sahəsində bir sıra layihələrin həyata keçirilməsinə ehtiyac var. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqata əsaslanan yeniliklərdən bəhrələnməyə, bu gün Naxçıvan fermerlərinin torpaq sahibkarlarının və digər sahibkarlıq subyektlərinin FAO-nun dəstəyinə ehtiyacı var. Heç şübhəsiz ki, FAO-nun Naxçıvanda fəaliyyəti kənd təsərrüfatının inkişafına uğur gətirəcək, bu sahədə mühüm yeniliklərə nail olunacaq.
Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova çıxışında qeyd edib ki, FAO dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan Respublikasında artıq bir neçə layihə həyata keçirib. Həmin layihələr çərçivəsində xüsusilə kənd təsərrüfatının inkişafında uğurlu nəticələr əldə olunub. FAO-nun Naxçıvan Muxtar Respublikasında həyata keçirəcəyi layihə kənd təsərrüfatının inkişafında həm fermerlərin, həm kadrların yetişməsində, o cümlədən bitkiçilik və heyvandarlıq sahəsində uğurlar əldə olunacaq.
Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəsinin müavini Bariz Mehdiyevin də çıxış edib. O bildirilib ki, FAO-nun Naxçıvanda həyata keçirəcəyi layihələrin icrası burada ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq və bazara çıxışını asanlaşdıracaq.