Biləsuvarda susuzluğa davamlı bitkilərin becərilməsinə başlanılıb

Biləsuvarda susuzluğa davamlı bitkilərin becərilməsinə başlanılıb Biləsuvar rayonunda ilk dəfə şoran və şorakət torpaqlarda susuzluğa davamlı bitkilərin becərilməsinə başlanılıb.
ASK
17 Avqust , 2023 09:56
Biləsuvarda susuzluğa davamlı bitkilərin becərilməsinə başlanılıb

Biləsuvar rayonunda ilk dəfə şoran və şorakət torpaqlarda susuzluğa davamlı bitkilərin becərilməsinə başlanılıb.

Bu barədə "Report"un yerli bürosuna Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev məlumat verib.

Onun sözlərinə görə, həmin bitkilər Mərkəzin təşəbbüsü, Rayon İcra Hakimiyyətinin və nazirliyin Əkinçilik Elmi Tədqiqat İnstitutunun dəstəyi ilə əkilib.

"Bunlar, kinoya və amarant bitkiləridir. Bu bitkilər şoran və şorakət torpaqlarda duzluluğu götürür, həmçinin quraqlığa davamlıdır", - deyə direktor qeyd edib.

N.Quliyevin sözlərinə görə, dünyada artan ərzaq tələbatını ödəmək, eləcə də heyvandarlığı keyfiyyətli yemlə təmin etmək üçün bu bitkilərdən geniş istifadə olunur: "Bu bitkilərin əkilməsi ilə onların rayonun abiotik amillərinə adaptasiyası ətraflı öyrəniləcək, əkinlərin genişləndirilməsi üçün fermerlərə faydalı məsləhətlər veriləcək. Hələlik onlar sınaq məqsədilə 1 hektar sahədə əkilib və bu yaxınlarda məhsul biçini aparılacaq".

Xatırladaq ki, kinoya və amarantın vətəni Cənubi Amerikadır.

Son xəbərlər

Orphus sistemi