Biləsuvarda onlarla hektar pay torpağı qrunt sularının altında qalıb, taxıl sahələri məhv olmaq üzrədir

Biləsuvarda onlarla hektar pay torpağı qrunt sularının altında qalıb, taxıl sahələri məhv olmaq üzrədir Biləsuvar rayonunun Xırmandalı kənd sakinlərinə məxsus pay torpaqları mütəmadi olaraq qrunt sularının altında qalır.
ASK
7 İyun , 2023 17:43
Biləsuvarda onlarla hektar pay torpağı qrunt sularının altında qalıb, taxıl sahələri məhv olmaq üzrədir

Biləsuvar rayonunun Xırmandalı kənd sakinlərinə məxsus pay torpaqları mütəmadi olaraq qrunt sularının altında qalır.

Bu barədə "Report"un Muğan bürosuna bir qrup kənd sakini məlumat verib.

Onların sözlərinə görə, əkin sahələrinə paralel su kanalı tutulduğu üçün bu xəttin müxtəlif hissələrində toplanan qrunt suları pay torpaqlarının ərazisinə dolur. Bu isə həm torpağın şoranlaşmasına gətirib çıxarır, həm də məhsul yığımını çətinləşdirir.

Sakinlər deyir ki, bataqlıq vəziyyəti yarandığından bu sahələrdə məhsul yığımı zamanı texnikanın hərəkəti də çətinləşir.

Eyni vəziyyətlə hər il qarşılaşdıqlarını deyən kənd əhalisi məhz bu səbəbdən taxıl məhsullarının məhv olduqlarını söyləyiblər:

"Kollektordan sızan şor su, təxminən, 70 hektara yaxın əraziyə nüfuz edib. Məhz kollektorların təmizlənməməsi belə bir vəziyyətin yaranmasına gətirib çıxarır. Əsasən, buğda və arpa əkilmiş sahələr məhv olmaq üzrədir".

Məsələ ilə bağlı Mərkəzi Muğan Kollektor-İstismar İdarəsinin Biləsuvar Sahəsindən "Report"un yerli bürosuna bildirilib ki, bu cür vəziyyətin yaranmasında fermerlər günahkardır.

Qeyd olunub ki, sakinlər və fermerlər kanal üzərində yol saldıqları üçün qrunt suları əkin sahələrinin alt qatına yönəlir: "Hər il kollektorlar lildən təmizlənir və həmin sahə də bu yaxınlarda lildən təmizlənəcək. O sahələrdə kombaynların batması isə mülkiyyətçilərin səhvi üzündəndir. Çünki suvarmanı düzgün aparmayıblar. Suvarma düzgün getsəydi, sahələr bataqlığa çevrilməzdi. Eyni zamanda sahənin işərisindən suvarma kanalları getməlidir. Əkin sahələri kanallar vasitəsi ilə suvarılanda su heç vaxt bir yerdə durmur".

Son xəbərlər

Orphus sistemi