Biləsuvarda arpa biçini başlayıb, məhsul ucuzlaşıb - FOTO

Biləsuvarda arpa biçini başlayıb, məhsul ucuzlaşıb - FOTO Biləsuvar rayonunda arpa biçini başlayıb və taxılın satış qiyməti düşüb.
ASK
8 İyun , 2023 17:34
Biləsuvarda arpa biçini başlayıb, məhsul ucuzlaşıb - FOTO

Biləsuvar rayonunda arpa biçini başlayıb və taxılın satış qiyməti düşüb.

Bu barədə "Report"un Muğan bürosuna bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, ötən il arpanın satış qiyməti 0,4 manata yaxın olsa da, hazırda bu rəqəm 0,3 manat təşkil edir. Bu da, təxminən, 25%-ə yaxın ucuzlaşma deməkdir.

Fermerlər deyir ki, bu il rayonda yaşanan su problemi fonunda arpa məhsulunun qiymətinin artacağını düşünsələr də, reallıqda bunun əksi olub.

Sahibkarlar hazırkı bazar qiymətinin onları qane etmədiyini və bunun çəkilən xərcləri ödəmədiyini söyləyiblər.

Qeyd edilib ki, taxıl toxumlarının, mineral gübrələrin və digər istehsal xərcləri yüksək olduğu halda məhsulun maya dəyərindən ucuz satılması, təkrar istehsalı üçün maliyyə vəsaitinin itirilməsinə və aqrar sahədə fəaliyyət göstərən sahibkarların müflisləşməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı "Report"un yerli bürosuna açıqlama verən kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev ucuzlaşmanın əsas səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, cari təsərrüfat ilində respublikanın müxtəlif bölgələrində, əsasən, iri taxılçılıq rayonlarından olan Şəki, Biləsuvar və digər rayonlarda quraqlıqdan, dolu vurmasından və sel basmasından on minlərlə hektar taxıl sahələri məhv olub.

Mütəxəssis bildirib ki, bu da ölkədə ümumi taxıl istehsalında yüz minlərlə ton taxıl məhsullarının az istehsal olunmasına zəmin yaradır: "Hazırda arpa məhsulunun getdikcə ucuzlaşmasının əsas səbəbi isə məhsul bolluğu ilə bağlı deyil. Əslində, qeyd olunduğu kimi bu il taxıl istehsalı ötən illərlə müqayisədə xeyli aşağıdır. Məhsulun ucuzlaşması insanların alıcılıq qabiliyyətinin aşağı olması və iri taxıl tədarükçülərinin qəsdən taxıl bazarına müdaxilə etməməsidir. Yəni taxıl məhsullarını qəsdən hələlik almadıqları üçün məhsulun qiyməti öz maya dəyərindən ucuz təklif olunur və satılır".

Qeyd edək ki, Biləsuvarda rayon üzrə ümumilikdə 39 290 hektar olmaqla, 27 487 hektar arpa və 11 803 hektar isə buğda bitkisi əkilib.

Son xəbərlər

Orphus sistemi