Bakı. 4 fevral. REPORT.AZ/ Aqil Əvəz oğlu Məmmədov və sürücü Nofər Novruz oğlu Yusifov Bakı şəhərinə satış üçün Ağcabədi rayonunun Aşağı Avşar kəndindən gətirdikləri 1 100 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəkləri, sümükdən ayrılmış ətlər, baş-ayaq və daxili orqanlarla dolu “Ford Transit” markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşın saxlanılıb.
Dövlət Baytarlıq Nəzarəti Xİdmətindən "Report"a daxil olan məlumata görə, qanunvericiliyə uyğun cəmdəklərdən nümunələr götürülüb və laboratoriyanın ekspertiza rəyinə əsasən, götürülən nümunələr bakterioloji (BÇQB, stafılakokkus aureus) yoluxmaya məruz qalıb, nümunələrin olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib, eyni zamanda müayinə edilən nümunələrin 7-də at əti olması aşkar edilib.
Həmin cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.
"Təəssüf ki, aparılan tədbirlərə, edilən xəbərdarlıqlara baxmayaraq, Aqil Məmmədov və sürücü Nofər Yusifov öz çirkin əməllərindən əl çəkməyiblər. Onlar yenidən 1 200 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərini və ət məhsullarını Bakı şəhərinə satış üçün gətirməyə cəhd edərkən (içərisində ölmüş heyvan əti və at əti olmaqla) Baytarlıq Xidməti və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun keçirdiyi reyd zamanı Qaradağ rayonu ərazisində DYP postunda saxlanılıblar", - deyə Xidmətdən bildirilib.
“Ford Transit” markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşına baxış keçirilən zaman xeyli sayda hissələrə ayrılmış heyvan cəmdəkləri, eləcə də heyvanların daxili orqanları, baş-ayaqları, qarın və quyruq nahiyələri aşkar olunub. Hissələrə ayrılmış heyvan cəmdəklərinin bir hissəsi yük avtomaşınında primitiv quraşdırılımış dəmir qarmaqlardan asılmış vəziyyətdə olsa da, digər əsas hissəsi isə baytarlıq-sanitariya qaydalarına riayət edilmədən avtomaşının döşəməsinə, içərisində heyvanların daxili orqanları, baş-ayaqları, qarın və quyruq nahiyələri üst-üstə tökülmüş çirkli vəziyyətdə aşkar edilib.
Yük avtomaşınında olan hissələrə ayrılmış heyvan cəmdəyinin mənşəyinə və sağlamlığına dair sürücünün adına yazılan 012760 №-li baytarlıq şəhadətnaməsində (forma № 2) 8 baş mal əti (1 200 kq) göstərilsə də, həmin sənədin kim tərəfindən verilməsini müəyyənləşdirmək mümkün olmayıb. Cəmdək hissələrinin üzərinə vurulan möhürün ətin müayinəsi zamanı qida üçün yararlığını təsdiq edən klemaya (möhürə) heç bir uyğunluğunun olmadığı müəyyən edilib. Eləcə də avtomobilə yüklənmiş daxili orqanlar, baş-ayaqları, heyvan yelini və digər nahiyələr müşayiətedici sənəddə öz əksini tapmayıb.
Yük avtomaşınında olan heyvan ətinin müşayiətedici baytarlıq şəhadətnaməsinin kim tərəfindən verildiyi məlum olmadığına və ət cəmdəklərinin üzərinə vurulan möhürün qida üçün yararlığını təsdiq edən möhürə heç bir uyğunluğunun olmadığına görə laboratoriya müayinəsi üçün nümunələrin götürülməsi məqsədi ilə avtomaşın "Baytarlıq şəhərciyi"nə gətirilib, hissələrə ayrılmış heyvan cəmdəklərindən, sümüksüz ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunub.
RBL-in ekspertizasına əsasən, 24 nümunə ətdə və 2 nümunə daxili orqanda (işgənbə, ağciyər və qaraciyər) bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olunub. biokimyəvi müayinələr (pH, peroksidaza və göy-daş reaksiyaları) zamanı isə 24 ət nümunəsinin və 2 daxili orqanın (işgənbə, ağciyər və qaraciyər) keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Aparılan müayinələr zamanı daxil olan nümunələrin hamısının iribuynuzlu heyvana məxsus olduğu müəyyən edilib.
Cəmdəklərin, daxili orqanların, baş-ayaqların, yelinin, qarın və quyruğun heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq fevralın 3-də cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək basdırılıb.